II Respublika Dekorativ-tətbiqi sənət Festivalı yekunlaşdı

II Respublika Dekorativ-tətbiqi sənət Festivalı yekunlaşdı

Bu gün Muzey Mərkəzində II Respublika Dekorativ-tətbiqi sənət Festivalının yekun sərgisinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, bu sərgidə regional mərkəzlərdə keçirilmiş sərgilərdən Festivalın Təşkilat komitəsi tərəfindən seçilmiş bədii əhəmiyyəti ilə seçilən dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunub.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, üç il öncə həyata keçirilən bu festival Azərbaycanın rayonlarında, həmçinin paytaxt sakinlərinin və xarici qonaqların çox böyük marağına səbəb olub: "II Respublika Dekorativ-tətbiqi sənət Festivalı qədim tarixi köklərə və zəngin ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı, respublikada gedən bədii yaradıcılıq proseslərinin, bu sahədə qazanılan uğurların geniş ictimaiyyətə təqdim olunması, istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərlərinin aşkarlanması, milli mənəvi dəyərləri kompleks halında özündə birləşdirən dekorativ sənət növlərinin təbliği və qorunması, bölgələrdə mədəni mühitin daha da canlandırılması məqsədi ilə keçirilib. Festivala çoxlu sayda əsəsrlər təqdim olundu və nəhayət sonda 20 əsər seçilərək mükafatlandırıldı".

Nazir müavini qeyd edib ki, festival zamanı nümayiş etdirilən dekorativ-tətbiqi sənət əsərləri əsas xalçaçılıq, batika, qobelen, toxunma qrafika, bədii oyma, dulusçuluq, bədii tikmə, bədii şüşə, toxuma, makrame, zərgərlik, bədii dəri işləmə, bədii döymə, prioqrafiya sahələrini əhatə edib.

Daha sonra Ədalət Vəliyev festivalda qalib seçilən 20 nəfəri diplomlarla təltif edib.

Xatırladaq ki, festivala hazırlıq işləri 2012-ci ilin fevral ayında başlanıb. İlk mərhələdə Gəncə şəhərində bölgənin 14, Lənkəranda bölgənin 12, Şəkidə bölgənin 12, Xaçmazda bölgənin 8 rayonun, xalq sənətkarlarının iştirakı ilə regional sərgilər təşkil olunub. Bunda əlavə Bakı şəhəri üzrə də xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi keçirilib.

Qeyd edək ki, respublikanın bütün şəhər və rayonlarını əhatə edən Festivalın yekun sərgisinin bağlanışından sonra nümayiş etdirilən əsərlərdən ibarət nəfis tərtibatlı kataloq çap olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə