"Əsli və Kərəm"

Akademik Opera və Balet Teatrının səhnəsində Azərbaycan professional bəstəkarlıq məktəbinin banisi Ü.Hacıbəylinin "Əsli və Kərəm" operasının yeni quruluşda premyera tamaşası ölkənin mədəni həyatında əlamətdar hadisə kimi qeyd oluna bilər. Eyniadlı aşıq dastanının motivləri əsasında bir əsr bundan öncə (1912-ci ildə) qələmə alınan "Əsli və Kərəm" operası milli opera sənətimizin incilərindən biri hesab olunur. 25 illik fasilədən sonra Teatrın repertuarına qayıdan bu tamaşa ölkə ictimaiyyətinin böyük marağına səbəb olaraq geniş tamaşaçı auditoriyası toplayıb. SİA-nın məlumatına görə, teatr rəhbərliyi və tamaşanın yaradıcı heyəti yeni quruluşu həyata keçirərkən operanın stenoqrafiyasını imkan daxilində ilkin varianta yaxınlaşdırmağı qarşılarına məqsəd qoyub.

Tamaşada əsas partiyaları gənc və istedadlı xanəndələr – respublika muğam müsabiqəsinin laureatları Arzu Əliyeva (Əsli) və Elnur Zeynalov (Kərəm) ifa ediblər. Tamaşada həmçinin Azərbaycanın Xalq Artisti Şahlar Quliyev (Keşiş), Əməkdar Artistlər Sabir Əliyev (Şah), Nizami Bağırov (Paşa), solistlər Nəzər Bəylərov (Sofi), Mütəllim Dəmirov (Şeyx) və başqaları iştirak ediblər.

Yeni quruluşun musiqi rəhbəri və dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, rəssamı – əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.

Opera və Balet Teatrının səhnəsində Üz.Hacıbəylinin demək olar ki, bütün musiqi irsinin tam şəkildə (opera və operettalarının) təmsil olunması teatrın milli musiqi mədəniyyətimizin ən yaxşı ənənələrini qoruyub saxladığı və inkişaf etdirdiyini bir daha sübut edir. "Əsli və Kərəm" operasının çoxdan bəri gözlənilən premyera tamaşasının yüksək professional səviyyədə (peşəkar vokal ifası və yüksək aktyorluq, orkestrin dəqiq müşayiəti, parlaq dekorasiyalar və zəngin kostyumlar) baş tutması 2013-cü ildə milli musiqi həvəskarlarına ən gözəl hədiyyə oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə