Şərqdə ilk opera yazan qadın- Şəfiqə Axundova!

Şərqdə ilk opera yazan qadın- Şəfiqə Axundova!

Bu gün Şərqdə ilk opera yazan bəstəkar qadın, Azərbaycanın xalq artisti Şəfiqə Axundovanın 89 yaşı tamam olur. SİA-nın məlumatına görə, o, 1924-cü il yanvarın 21-də Azərbaycanın gözəl guşələrindən olan Şəkidə anadan olub. Atası Qulam Axundov Bağır oğlu dövrünün tanınmış ziyalısı və dövlət işçisi olub. Belə ki, 1917-1920-ci illərdə Şəki qəzasının 1-ci katibi vəzifəsində çalışıb. Anası Züleyxa Səməd qızı isə evdar qadın idi. Axundovlar ailəsində Şəfiqə ilə yanaşı, həm də İsmət, Tahir, Nəriman və Rəfiqə, Zümrüd kimi gələcəyin sənətkarları böyüyürdü. O zaman heç kəsin ağlına belə gəlmirdi ki, bu ailədə həm də gələcəyin böyük bəstəkarı boy atır…

Şəfiqə xanım 1944-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində böyük Üzeyir Hacıbəyovdan dərs alıb. 56-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini, B.Zeydmanın sinfini bitirib. 1972-ci ildə "Gəlin qayası" operası ilə Şərqin ilk opera yazan qadın bəstəkarı olmasına imza atır. O insan xoşbəxtdir ki, həyatda özündən sonra iz qoyub gedir. Heç şübhəsiz ki, Azərbaycanın Xalq artisti, "Şöhrət" ordenli Şəfiqə Axundova bir sıra ölməz əsərləri - gözəl romansları, operettaları, simli kvartet üçün pyesləri, dram və uşaq musiqi əsərləri üçün tamaşaları, bir sözlə, 500-dən artıq əsərləri ilə tarix durduqca yaşayacaq!

Bütün xəbərlər Facebook səhifəmizdə