Yanvarın 31-dən fevralın 10-dək İranın paytaxtı Tehranda ənənəvi Fəcr Beynəlxalq kino festivalı keçiriləcək. SİA-nın məlumatına görə, festivalda ölkəmiz Rusiyada yaşayan həmvətənimiz, rejissor və prodüsser, bir sıra beynəlxalq kino müsabiqələrinin laureatı Rodion İsmailovun "Köç" sənədli filmi ilə təmsil olunacaq.
Film festivalı müxtəlif ölkələrin gənc rejissorlarına öz filmlərini kino sənayesinin tanınmış ustadlarından ibarət olan mötəbər münsiflər heyətinə göstərmək, eləcə də elmi tədqiqatlar, nəşrlər və seminarlar vasitəsilə də Asiya kinosunun dünya bazarında irəliləyişinə nail olmaq imkanı yaradır. Dünyanın 30-dan çox ölkəsindən rejissorların iştirak edəcəkləri festivalın əsas məqsədi müxtəlif köklərə malik xalqların kino mədəniyyətlərinin qiymətləndirilməsinə və qavranılmasına yardım göstərmək, eləcə də Asiya ölkələri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə nail olmaqdır. Festivalda komediya, sənədli, idman və uşaq filmləri nümayiş etdiriləcək.
Bu festivalda da uğur qazanmağa iddialı olan "Köç" filmi Azərbaycan və onun qədim adət-ənənələrini özündə əks etdirir. Filmdə Azərbaycanda bütün ömrü boyu yaylaqlardan qışlaqlara köç edən çobanların çətin və maraqlı taleyi işıqlandırılmışdır. Nəsildən-nəslə keçən bu çətin peşəni çobanlar səbr və məharətlə davam etdirirlər.
Qeyd edək ki, film 2010-cu ildə Azərbaycanın "DS film" studiyasında istehsal olunub. 52 dəqiqəlik ekran əsərinin çəkilişləri Tovuz və Daşkəsən rayonlarında aparılıb. "Köç" filmi bundan əvvəl də bir sıra beynəlxalq festivallarda nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB