Yanvarın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Səbail rayon İcra Hakimiyyətinin və teatrın təşkilatçılığı ilə 20 yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş tamaşa nümayiş etdiriləcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əvvəlcə teatrın kollektivi qanlı Yanvar faciəsində həlak olan soydaşlarımızın əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edəcəklər.
Daha sonra teatrda yazıçı-dramaturq Tamara Vəliyevanın Qanlı 20 yanvar faciəsinə həsr olunmuş "Mənim ağ göyərçinim" tamaşası nümayiş etdiriləcək.
Tamaşadan əvvəl teatrın direktoru və Şəhid Anaları Komitəsinin sədri Rəfiqə Əsgərova çıxış edərək Azərbaycan xalqının milli oyanış, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən 20 yanvar faciəsi haqqında fikirlərini bölüşəcəklər.
Azərbaycan xalqının tarixində çağdaş milli azadlıq hərəkatının şanlı qəhrəmanlıq səhifəsi olan 20 yanvar şəhidlərinə həsr olunmuş tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. İlk və nakam məhəbbət haqqında iki hissəli səhnə əsərinin tərtibatçı rəssamı Gürcüstan Respublikasının tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.
Tamaşa saat 19.00-da nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB