Yanvarın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yeni ilin ilk premyera tamaşası – dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" operasının premyerası keçiriləcək. Teatrdan SİA-ya verilən məlumata görə, yeni quruluşun rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, musiqi rəhbəri və dirijoru Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı isə Əməkdar Mədəniyyət İşçisi Yusif Babayevdir.
Premyera tamaşasında əsas partiyaları Opera və Balet Teatrının gənc solistləri, respublika muğam müsabiqəsinin laureatları Vüsalə Musayeva (Əsli) və İlkin Əhmədov (Kərəm) ifa edəcəklər. Tamaşaçılar növbəti tamaşalarda həmin partiyaları Arzu Əliyeva və Elnur Zeynalovun ifasında da seyr edə və dinləyə bilərlər.
Gənclərlə yanaşı tamaşada həmçinin Teatrın təcrübəli solistləri – Xalq Artisti Şahlar Quliyev (Keşiş), Əməkdar Artistlər Sabir Əliyev (Şah), Nizami Bağırov (Paşa), solistlərdən Nəzər Bəylərov (Sofi), Mütəllim Dəmirov (Şeyx) və b. çıxış edəcəklər.
Qeyd edək ki, "Əsli və Kərəm" milli opera sənətimizin ən dəyərli nümunələrindən biridir. Ü.Hacıbəylinin yaradıcılığına xüsusi yeri olan bu operanın ilk tamaşası 1912-ci il mayın 18-də Opera və Balet teatrının binasında keçirilib. Operanın Azərbaycan xalq dastanının motivləri əsasında yazılmış librettosunun müəllifi də Ü.Hacıbəylidir. Operada fədakar məhəbbətin gücü, insanın mənəvi gözəlliyi tərənnüm olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB