“Məhkumlar”da qırğın olacaq

"Bayram tətilimiz artıq sona çatdı. Hazırda Nizami rayon polis idarəsində çəkilişlərimizi davam etdiririk. Baş kordinatorumuz Rəşad Nuri dövlət qurumları ilə əlaqələrimizi qurub və rahat şəkildə çəkilişlərimizi aparırıq". Bunu SİA-ya açıqlamasında "Məhkumlar" serialının quruluşçu rejissoru Yaşar Əhmədov qış tətilindən sonra çəkilişlərinə start verilən teleserial haqqında danışarkən deyib.

O bildirib ki, "Məhkumlar"ın artıq 15,16,17-ci bölümləri çəkilir: "Məhkumlar"dakı məhkumlar bir dönəmi arxada qoydular, öz arzularına nail olanlar da oldu, olmayanlar da... İndi isə yeni dönəm başlayır. Bu dönəmdə tamaşaçıların diqqətini çəkəcək maraqlı hadisələr baş verəcək. Təzə düşmənçikliklər yaranacaq. Bəhramdan sonra Adilin düşmənləri kimlər olacaq? Ümumiyyətlə Bəhramın taleyi necə olacaq? Xuraman qızına qovuşa biləcəkmi? Bu kimi suallara növbəti bölümdə cavab tapmaq mümkün olacaq".

Yaşar Əhmədov onu da qeyd edib ki, yeni bölümlərdə yaşanacaq maraqlı anlardan biri də Zərintacın 4 övladı ilə qarşı-qarşıya qalmasıdır: "Qaliblə bağlı yeniliklər olacaq. O, daha aktiv fəaliyyətə keçəcək. O, Bəhramın oğlu kimi yox, sırf Qalib olaraq fəaliyyət göstərməyə başlayacaq. Ən əsası isə "Məhkumlar"da şok olaylar olacaq. Serialın xanımları insanlığa sığmayan addımları ilə yaddaşlarda qalacaq. Əminəm ki, hadisələrin bu cür cərəyanı tamaşaçıların marağına səbəb olacaq. Hələ də anlaya bilmirəm ki, bir ana başqa anaya qarşı necə bu hərəkətləri edə biləcək, bu cür sərt addımları ata biləcək? Bir sözlə, "Məhkumlar"da yaxın günlərdə qırğın olacaq. Adil haqqında isə təkcə onu deyə bilərəm ki, Adil hələlik ailəsini qorumağa məhkumdur. Bundan əlavə, yeni "məhkumlar"ımız var, onların kim olduğunu açıqlamırıq. İnanırıq ki, onlar da tamaşaçı sevgisini və ya nifrətini qazana biləcəklər".

Filmin koordinatoru Rəşad Nuri də öz sahəsi üzrə açıqlamalar verib. Onun sözlərinə görə, növbəti serialarda tamaşaçıları yeni məkanlar, gözəl mənzərəli yerlər və gözəl görünüşlü aktyorlarımızı görəcəklər: "Məkanlarda dəyişikliklər çox olacaq. Adilin yeni, çox müasir, modern bir evi olacaq. Arzu edərdim ki, bütün serial çəkənlərin kollektivi bizim kimi mehriban, çətinliklərə gülməyi bacaran, əsl ailə kimi olsunlar. Bəzən çəkilişlər və ya planlama zamanı sözümüz düz gəlmir. Lakin yarım saat çəkmir ki, öpüşüb-görüşüb hər şeyi normaya qoyuruq, barışırıq. Yenə də qeyd edim ki, biz bu işə yeni qədəm qoyanlardan deyilik. Biz öz sahəmiz üzrə artıq profesional insanlarıq".

Qeyd edək ki, "Məhkumlar" serialının möhtəşəm, gərgin hadisələrlə zəngin 15-ci bölümünə yanvarın 17-də saat 19:30-da baxa bilərsiz.

Bütün xəbərlər Facebook səhifəmizdə