İlqarı tanımağım haçan olub, necə olub, xatırlamıram. Bu, mənim günahımmı, İlqarınmı, ya da qismət belə imiş, deyə bilmirəm. Halbuki uzun illər mətbuatda çalışmağıma baxmayaraq İlqarı bir müəllim kimi tanıyırdım sadəcə. Bir də aradabir mətbuatda işıq üzü görən məqalələri yadımda qalmışdı. Beləcə başını aşağı salıb müəllimliyini edən artıq 50-ni adlamış İlqar qalmışdı yadımda...
Bəlkə də bu beləcə də davam edəcəkdi. Lakin əlahəzrət təsadüf günlərin birində Lənkəranın məşhur "Çay evi"ndə dostlarım yazıçı Qardaşxan Fərzi, şair Elşad Səfərli ilə yayın qora bişirən vaxtlarında çay içərkən İlqar müəllim həmişə birgə gəzdikləri İntiqam müəllimlə bizim stola əyləşdilər. "Xəzər Lənkəran"ın qızğın fanatları olan bu insanlar xeyli Azərbaycan futbolundan, təbii ki "Xəzər-Lənkəran"ın düşdüyü vəziyyət barədə mübahisə etdilər. Sonra nədənsə mövzu dəyişildi. Söhbət yaradacılıqdan düşdü. Adil Əsədlinin rəssamlıq xüsusiyyətləri, onunla apardığım müsahibədən danışarkən İlqar müəllim dilləndi:
- Əlbəttə, Adil müəllim hazırki rəssamlar arasında xüsusi seçilir. Çox istedadlıdır. Çoxlu tələbələri də var...
Bu zaman kimsə İlqarın sözünü kəsib:
- Bəs, özündən niyə danışmırsan?...
Mən heyrətlə İlqar müəllimə və ətrafıma baxdım. Qardaşxan müəllim də həmin adamın sözlərini təsdiq etdi:
- İlqar, həqiqətən də, gözəl rəssamdır...
Mənim təccübümü görən İlqar mobil telefonuna çəkdiyi rəsm nümunələrindən bəzilərini mənə göstərdi. Heyrətim bir qədər də artdı.
– Doğrudanmı, bunlar sənin işlərindir, İlqar müəllim?- soruşdum.
- Nə vaxt istəsən, 4 saylı məktəbdəki otağıma gələ bilərsən,- deyə İlqar müəllim özünəməxsus şəkildə gülərək məni çalışdığı məktəbə dəvət etdi... söhbət edərik, əsərlərimlə də tanış olarsan. 45 dəqiqə səni qane edir? - İlqar müəllim yenə özünəməxsus şəkildə zarafatla mənə müraciət etdi.
- Mən razı,- deyib razılaşdıq.
...Yanvarın iliyə işləyən soyuq, yağışlı günlərin birində, nəhayət, vaxt tapıb İlqar müəllimin təlim-tərbiyə işləri üzrə direktor müavini işlədiyi 4 saylı Hümanitar təmayüllü məktəb-litseyə baş çəkdim. Məktəbdə köhnə dostum, böyük hörmət bəslədiyim Nəsir müəllimlə rastlaşdım. Nəsir müəllim məqsədimi biləndən sonra, məni İlqar müəllimin otağına apardı. Otağa girər-girməz səliqə ilə divardan asılmış qrafik janrda çəkilmiş müxtəlif mövzulu rəsmlər məni sehirlədi. Soyuq qış havasından sonra bu otaqda ilıq bir işıq məni sardı. Sanki fəsli bəlli olmayan bir aləmə düşmüşdüm. Yəqin bu İlqar müəllimin yaratdığı əsərlərindən doğan bir ab-hava idi. Mənə elə gəldi ki, bu hava heç vaxt dəyişilmir. Yarpaqlar saralmır, saralmış yarpaqlar heç zaman yerə tələsmir, dənizə çıxan gəminin yelkənləri heç vaxt boşalmır, güllər gözəlliyini heç vaxt itirmir...
Haçan qarşıma isti çayın qoyulduğunu belə hiss etmədim. Birdən İlqar müəllimin:
- Çayını iç, soyuqdan gəlmisən, sözlərini eşitdim...
Niyə İlqar müəllim, niyə kölgədəsən, soruşmaq istədim. Şablon bir cavab eşidəcəyimdən qorxub susdum. Böyük bir istedadın kölgədə qalmasından dərindən təəssüflənib ona bir neçə standart sualları ünvanladım:
- Nə vaxtdan rəssamlıqdasan?
- 5-ci sinifdən. Heç bir təsir-zad olmayıb. Ürəyim istəyirdi. Saatlarla şəkil çəkirdim. Sonra rəsm dərnəyinə getdim...
- Bəs sonra?
- Sonra ali məktəb illəri. Pedaqoji Universitetin "Bədii qrafika" fakültəsini bitirdim. Və təyinatla Lənkərana gəldim.Müəllimliyə başladım. 1990-1993-cü illərdə şəhər 7 saylı, 1993-cü ildən 4 saylı orta məktəbdə direktor müavini işləyirəm. Eyni zamanda ayrı-ayrı illərdə Lənkəran Hirkan Universitetində, Lənkəran Dövlət Universitetində, Lənkəran Humanitar kollecində "memarlıq və rəssamlığ"ı tədris etmişəm. Amma yradıcılığımı da unutmamışam. Yüzlərlə əsərlərin müəllifiyəm. Amma rəngkarlıq daimi məşğuliyyətim olub. Əsərlərim müxtəlif müxtəlif sərgilərdə nümayiş olunub. Satdığım da olub, bağışladığım da. Bir çoxları respublika və xarici vətəndaşların kolleksiyalarda saxlanılır.
- Hansı rənglər səni cəlb edir?
- Təbii ki, daha çox isti rənglər: Narıncı, qırmızı, sarı. Axı biz cənubluyiq. Amma soyuq deyilən mavi, yaşıl, göy rənglərdən də yeri gələndə istifadə edirəm. Bu daha çox mövzudan asılı olur. Məsələn, dənizi işləyəndə, istər-istəməz mavi, göy və onun çalarlarına müraciət etməli olursan...
Niyə daha çox qrafik əsərlər çəkdiyini öyrənmək istəyirəm.- Bilmirəm. Bəlkə ruhdan gəlir,- deyr İlqar müəllim. Dahi rəssamlardan Salvador Dalini bəyəndiyini söyləyir.
Öyrənirəm ki, İlqar İsmayılov müxtəlif sərgilərin və müsabiqələrin iştirakçısı və mükafatçısıdır. Belə ki, onun 1999-cu ildə baş tutan "DEBAT" mərkəzinin açılışında şəxsi sərgisi nümayiş olunub. Bir sıra müsabiqələrin iştirakçısı olan İlqar müəllim AR Dövlət Neft Şirkətinin, "SOKAR"ın, "Beta" çay şirkətinin loqo müsabiqəsində əsərləri mükafata layiq görülüb. İstedadlı rəssam ölkə paytaxtında keçirilən "Bakı İslam Mədəniyyətinin mərkəzidir" , dəfələrlə Lənkəran şəhərində keçirilən müxtəlif rəsm sərgilərinin iştirakçısı olub. İlqar müəllim jurnalistika ilə də məşğul olur. Mütəmadi olaraq məqalələri ayrı-ayrı qəzetlərdə nəşr olunur. AJB-nin üzvüdür.
Gözəl rəssam olan İlqar müəllim , həm də gözəl ailə başçısıdır. Onun sözlərinə görə, qızının da rəssamlığa böyük həvəsi var. Qızı "Vətən sərhəddən başlayır" respublika rəsm müsabiqəsində 2 dəfə 1-ci yerə çıxıb. Qiymətli əşyalar və pul mükafatına layiq görülüb. Necə deyərlər, ot kökü üstə bitər ,deyiblər..
...Beləcə söhbətimiz uzanır. Təkrar-təkrar istedadı hüdud tanımayan rəssamın əsərlərinə bir də baxıram. Hansı əsərlərini daha çox fərqləndirərdin sualıma belə cavab verir:- Hamısı mənə əzizdir. Hər əsərin yaranma tarixçəsi, məqamı var. Hər əsər yaşadığım anların bir əksidir.Bu səbəbdən onları bir-birindən fərqləndirmək istəməzdim. Amma "Yuxu", "Azərbaycanım", "Xəyal", "Hərb və sülh", "Bahar" kimi qrafik əsərlərim yaddaşlarda iz qoya bilib. Bu isə məni sevindirməyə bilməz...
İlqar müəllimlə əvvəlcədən planlaşdırdığım 45 dəqiqəlik söhbət başa çatır. Yavaşcadan otaqdan çıxıram. Lakin hansı bir qüvvə isə sanki məni təzədən otağa çəkir. Mənə elə gəlir ki, hər əsərdə bir İlqar yaşayır. Və məni var gücü ilə içəri çağırır...Hisslərimi cilovlayıb bir daha yenidən kəşf etdiyim istedadlı rəssam İlqar İsmayılıova yeni uğurlar arzulayıb otaqdan çıxıram... Artıq yağış da dayanmışdı. Qara buludların arasından qış günəşinin zərif şüaları ümid qığılcımı kimi ətrafa səpələnmişdi...
İlqar İsmayılov kimi sözün əsil mənasında RƏSSAMIN niyə indiyə kimi çoxları, o cümlədən mənimçün kölgədə qalması fikrini heç cür özümdən uzaqlaşdıra bilmirəm...İndiyə kimi pedaqoq kimi onu tanımışdım...Bu gün isə o mənimçün istedadlı bir RƏSSAM idi. Allah vergili bir sənətkar... Amma bir məsələni dəqiqləşdirə bilmədim. Bu qısa yazımda haradasa kölgədə qalan gözəl rəssamımızı işığa çıxara bildinmi?..
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB