"Mahmud və Məryəm" gəlir FOTO

Azərbaycan və Türkiyənin birgə işi olan "Mahmud və Məryəm" tammetrajlı filminin nümayiş tarixi müəyyənləşib. SİA-nın məlumatına görə, film yazıçı Elçinin romanı əsasında çəkilib.

Cari ilin martın 22-dən etibarən nümayiş olunacaq filmin artıq ilk fraqmanı hazırdır. Bununla yanaşı, "Mahmud və Məryəm" filmi əvvəlcə Azərbaycan, Türkiyə və 9 Avropa ölkəsində kinoteatrlarda, daha sonra televiziyada göstəriləcək.

Türkiyənin "24 Kare" şirkəti tərəfindən çəkilən filmin rejissoru Mehmet Ada Öztekin, prodüsseri Sevda Kayğızısız, musiqisi Aygün Səmədzadəyə məxsusdur. Film Mahmudla Məryəmin sevgisindən bəhs edir. Mahmud gəncəli Ziyad xanın oğlu, Məryəm isə keşiş qızıdır. Hadisələrin mərkəzində isə Mahmudla Məryəmin bir-birinə olan məhəbbəti dayanır. İki gəncin sevgisinə mane olan isə mürtəce fikirli Qara Keşişdir.

Qeyd edək ki, ilkin hazırlıq və çəkilişlərində 150 nəfərlik heyət işlədiyi filmdə baş rolların ifaçısı Aras Bulut İynemli və Eva Dedovadır. "Mahmud və Məryəm" filmində həmçinin Fəxrəddin Manafov, Məlahət Abbasova, Mehmet Çevik, Tomris İncer, Şamil Süleymanov, məşhur Amerika və ingilis əsərlərində oynayan Kristina Krapela kimi tanınmış aktyorlarla bərabər Cemal Hünal da qonaq aktyor kimi iştirak edir. Aktyorlar döyüş səhnələrinə Azərbaycan və Türkiyənin bir sıra yerlərindən başqa, həqiqətəuyğun planlaşdırılan dekorasiyasının qurulduğu, 8 000 kvadrat metrlik böyük bir yaylaqda çəkilib. Filmdə mindən çox saqqal, saç, bığ 250 kq süni qandan istifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə