Məşhur aktyora iş təklifi gəldi

Rusiya vətəndaşlığı almış fransız aktyor Jerar Depardyeyə bu ölkədə yeni iş təklifi olub. SİA-nın məlumatına görə, bu dəfə Jerar Depardyeyə Tümen şəhərinin dram teatrında işləmək təklif edilir və əmək haqqı olaraq 16 min rubl və bonus imkanları vəd edilir. Əlavə olaraq, aktyorun mənzil kirayəsinin də 15%-nin ödəniləcəyinə söz verilir.

Bu barədə Tümen Böyük Dram Teatrının direktoru Serqey Osintsev sosial şəbəkədəki səhifəsində yazıb və Rusiyanın yeni vətəndaşını dəstəkləmək qərarına gəldiklərini və Depardyeni martdan truppaya qoşulmağa dəvət etdiklərini bildirib. Osintsevin sözlərinə görə, əfsanəvi aktyora rəsmi dəvətnamə yeni il tətilindən dərhal sonra göndəriləcək.

Xatırladaq ki, bir müddət əvvəl Jerar Depardyeyə Rusiyanın Mordoviya respublikasının mədəniyyət naziri olmaq təklif edilmiş, lakin aktyor bu təklifi rədd etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə