Prodüssürlərə yeni şans!

Azərbaycan Prodüserlər Gildiyası "Geniş baxış" tammetrajlı bədii film üçün ssenari müsabiqəsi elan edib. Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov SİA-ya bildirib ki, layihə Azərbaycanda prodüsser kinosunun inkişafı istiqamətində atılan növbəti addımdır: "Ötən ilin birinci yarısında Azərbaycan Prodüsserlər Gildiyası respublikanın 14 aparıcı prodakşn və studiyasının birləşməsi nəticəsində təsis edildi. Əsas məqsəd isə özəl və dövlət studiyalarının birgə əməkdaşlığını təmin etmək idi. İlkin addımımız o oldu ki, xarici ölkələrdən texnika və mütəxəssis gətirilməsini minimuma endirdik. Əgər bir prodakşnda texnika digərində mütəxəssis varsa biz onları bir araya gətirməklə həm maliyənin ölkə daxilində qalmasına, həmçinin şirkətlərin işləməsinə şərait yaratdıq. Çünki şirkətlər arası mütəşəkkil əlaqənin qurulması milli kinonun inkişafına təkan verəcək amillərdəndir. İlk dəfə olaraq Prodüsser Gildiyasının yaranması ilə böyük bir şəbəkə birləşdi. Gildiyanın ikinci əsas addımı ssenari müsabiqəsinin elan edilməsi oldu. 14 təsisçi tərəfindən bir kommersiya, digəri müəllif filmi formatına uyğun ssenari seçiləcək. Burada yeni yanaşma ondan ibarətdir ki, 14 şirkətin üzvü ssenarinin seçilməsində və filmlərin istehsal prosesində iştirak edəcək. Texniki təchizat, mütəxəssislərin cəlb edilməsi, post prodakşn və s. mərhələləri həyata keçirəcəklər".

"Geniş baxış" tammetrajlı bədii film üçün ssenari müsabiqəsinin keçirilməsində Azərbaycan Prodüsserlər Gildiyasının məqsədi yaradıcılıq istiqamətindən, janr və ifadə üslubundan asılı olmayaraq yüksək səviyyəli müəllif və ya kommersiya xarakterli filmlərin çəkilməsinə dəstək verməkdir. Milli kinoya tamaşaçı marağını gücləndirmək, bütün dünyada önəmli yer tutan "prodüser kinosu" anlayışını ölkəmizdə tətbiq etmək və gənc prodüserlərin bu peşəyə dərindən yiyələnməsi üçün şərait yaratmaqdır. Müsabiqədə "co-production" layihələrə (xarici şirkətlərlə birgə çəkiləcək filmlər) xüsusi önəm verilir.

"Geniş baxış" tammetrajlı bədii film üçün ssenari müsabiqəsinə hər kəs, istənilən janrda bədii film ssenarisi təqdim edə bilər. Ssenarinin müəlliflik hüququ onu müsabiqəyə təqdim edən şəxsə məxsus olmalı, digər fiziki və hüquqi şəxslərə aidiyyəti olmamalıdır. Ssenarinin hər hansı istehsalat mərhələsində olması istisna edilir.

Müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələdə tammetrajlı bədii film ssenarisinin tritmenti martın 10-a qədər Azərbaycan Prodüsserlər Gildiyasına göndərilməlidir Martın 25-də ikinci mərhələyə keçən ssenarilərin adları açıqlanacaq. İkinci mərhələnin yekunları mayın 10-da bəlli olacaq.

Müsabiqə haqqında ətraflı məlumat www.azerbaijanfilm.az saytında yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə