Yeni il yaxınlaşdıqca insanlar bayramı və istirahət günlərini necə və harada təşkil etmək barəsində düşünür. Əhalinin bir hissəsi öz istirahətini respublikamızın bölgələrində keçirməyə üstünlük verir. Bəs görəsən bölgələr qonaqları qarşılamağa hazırdırmı? Növbəti materialımız Qubadakı hazırlıq işlərindən bəhs edir.
Səfalı təbiəti, eləcə də tarixi memarlıq və təbiət abidələri ilə insanları cəlb edən məkanlardan biri də Qubadır. Bayram və istirahət günləri isə Qubaya gələnlərin sayı daha da artır. Gördüyünüz kimi hər tərəf ağappaq qarla örtülüb, təbiət olduqca əsrarəngizdir. Yeni ili bax belə bir təbiətin qoynunda qarşılamağın da öz ləzzəti var.
Bayram yaxınlaşdıqca respublikanın müxtəlif bölgələrində, eləcə də xarici ölkələrdə olan qubalılar ənənəyə uyğun olaraq doğma ocağa toplaşmaqdadır. Bundan əlavə Qubanın təbiətinə vurğun olan insanlar da istirahət günlərini məhz burada keçirməyə üstünlük verdiyindən son günlər rayonda bir qələbəlik diqqəti cəlb edir. Turist və qonaqların normal istirahətinin təşkili məqsədilə turizm sahəsində çalışan qurumlar müvafiq hazırlıq işlərinə başlayıb.
Bu il Qubada daha iki yeni turizm obyekti istifadəyə verilib. Turistlərin sayı da ötən illə müqayisədə 30% artıb. Turizm obyektlərindən verilən məlumata görə, qış mövsümü ilə əlaqədar xidmət haqlarında 20% endirim tətbiq olunub. Bir şəxsin bir sutkalıq mehmanxana xidmətindən istifadə etməsi 20 manatdan başlanan qiymətlərlə tənzimlənir.
Turist və qonaqları qarşılamağa fərdi ev sahibləri də hazırlaşıb. Hətta ucqar Xınalıq kəndində belə ev turizminə maraq göstərənlər üçün müvafiq şərait yaradılıb. Quba-İspik-Xınalıq yolu boyunca kənd turizmi üçün nəzərdə tutulan xüsusi evlərlə rastlaşmaq olar.
Bayram ərəfəsində Qubanın küçə və parklarında da canlanma müşahidə edilir. Yeni il atributları,şaxta baba və qar qızın iştirakı ilə şəhərdə müxtəlif bayram şənlikləri keçirilir. Əyər bayram günlərində istirahət məkanı olaraq Qubanı seçsəniz Bakıdan 167 km-lik avtomobil yolunu qət edərək təqribən iki saatdan artıq bir müddət ərzində mənzil başına çata biləcəksiniz.
Emin Kərimov, Quba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB