Nazir kimlərə irad tutdu?

Bu gün Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildiriib ki, bu gün 2012-ci ilin yekunlarının müzakirə olunacaq və 2013-cü ilin birinci yarısı üçün iş planı təsdiq ediləcək.

Qarayev tədbirdə bu il üçün nazirliyin gördüyü işlər barədə ətraflı məlumat verib. Nazir 2012-ci ilin Azərbaycan üçün olduqca uğurlu il olduğunu bildirərək, 2013-cü ildə Azərbaycana daha böyük uğurlar arzulayıb. O vurğulayıb ki, növbəti il üçün Gənc Tamaşaçılar, Kukla Teatrı festivalların keçirilməsi nəzərdə tutulur: "Mənim əsas marağım odur ki, Azərbaycan mədəniyyəti bütünlüklə internet şəbəkəsinə daxil olsun. Biz bu gün ciddi hücuma keçməliyik. Bütün məlumatlar internet şəbəkəsində olmalı və bu istiqamətdə iş getməlidir. Sözsüz, biz istənilən sahədə uğur qazanmaq üçün var gücümüzlə çalışmalıyıq. Bu gün bir çox mədəniyyət ocaqları əsaslı təmir olunur, hər bir məkan gözəlləşir, amma o məkanların təqdimatı zəif olduğundan bu iş görünmür".

Nazir bildirib ki, Azərbaycan mədəniyyətinin beynəlxalq sahədə qazandığı uğurlar göz önündədir və bu gün Azərbaycan mədəniyyət ölkəsi kimi tanınır.

Ə.Qarayev həm mədəniyyət, həm də turizm sahəsində çatışmazlıqlar olduğunu vurğulayıb. Azərbaycanın kino sahəsindən də danışan nazir bu sahədə böyük uğurların əldə olunacağına ümid etdiyini əlavə edib və bildirib ki, bunun üçün bir neçə xarici ölkə ilə əməkdaşlıq ediləcək. O, kitabxana sahəsində Baltikyanı ölkələrin təcrübəsindən yararlanacağını bildirib: "Bu ölkədə bütün kitabxanalar açıq və rahat fəaliyyət göstərir. Azərbaycanda kitab işinin təkmilləşdirilməsinə ehtiyac var və biz bunun üçün müəyyən addımlar atmağa qərar vermişik".

Ə.Qarayev onu da vurğulayıb ki, bu yaxınlarda Azərbaycanda "Mədəniyyət haqqında" qanunun qəbulu hər kəs tərəfindən bəyənilib və hazırda qanun dövlət başçısına təqdim olunub. Eyni zamanda "Kinematoqrafiya haqqında" qanunun da yenilənəcəyini diqqətə çatdıran nazir həm mədəniyyət, həm də turizm sahəsində çalışanları növbəti il üçün daha məsuliyyətli işləməyə səsləyib.

Nazir çıxışında həmçinin iradlarını da bildirib. O vurğulayıb ki, bu günə qədər turizm müəssisələri və mədəniyyət ocaqları bir-biri ilə sıx əməkdaşlığı formalaşdıra bilməyiblər: "Bu məni çox təəssüfləndirir. Hansı muzeyin turizm şirkətləri ilə müqaviləsi var ki, turizm müəssisələri də bunu proqrama salsınlar? Əgər qoruqlar, muzeylər bu proqrama daxil olsalar, turistlər o muzeylərə gələrlər. Amma bu mexanizm hələ də tətbiq olunmur. Gələn ildən turistlərə vizalar elektron formada veriləcək. Bu hansı formada ediləcək? Bu, yalnız turizm şirkətinin vasitəçiliyi ilə bu mümkün olacaq. Yaxşı, bəs turizm şirkətləri bu məqamda hansı proqramlar təqdim edəcəklər? Bunların hamısı vahid bir sistemə bağlanmalı və bu yöndə işlər görülməlidir".

Qeyd edək ki, kollegiya iclası davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə