Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda yazıçı-publisist Günel Anarqızının "Qarabağ hekayələri" adlı audio-kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən xalq yazıçısı Çingiz Abdullayev bildirib ki, audio-kitab halında belə diskin buraxılması yüksək qiymətləndirilməlidir: "Kitab hər zaman var və bundan sonra da olacaq. Lakin audio halında kitabın olması gənclər üçün çox əlverişli olacaq. Çünki indiki gənc nəsil günlərinin çoxunu kompyuter qarşısında keçirirlər. Hətta audio-kitabın xarici ölkələrdə satılması da yaxşı olardı. Çünki bu Azərbaycan mədəniyyətinin uğurudur".
Yazıçı-publisist Günel Anarqızı deyib ki, əslində bu hekayələr çoxdan yazılıb: "2002-2006-cı illərdə qələmə aldığım hekayələrim burada dərc olunub. Artıq kitab halında bir neçə dəfə çap olunub. Ancaq audio-kitab formatında ilk dəfədir. Layihədə bir çox tanınmış simalarımız iştirak edib. Onlara da öz təşəkkürümü çatdırıram. Düşünürəm ki, ictimaiyyətimiz üçün olduqca maraqlı layihə olacaq. İnanıram ki, hamı tərəfindən çox seviləcək".
G. Anarqızı həmçinin əlavə edib ki, məhz audio halında əsərlərin yer almasına səbəb cəmiyyətimizdə mütaliənin səviyyəsinin aşağı düşməsidir: "Gənc nəsil mütaliə ilə daha çox məşğul olsunlar. Kitab oxumayanlar audio varianta müraciət edərək biliklərini daha zənginləşdirsinlər".
Müəllif çıxışında vurğulayıb ki, iki dildə hazırlanan audio-kitaba yazıçının 2002-2006-cı illər arasında qələmə aldığı "Ataya", "Şuşam", "Ağac", "Qadın üzlü şəhər", "Arzu" və "Keçmişə sarı" hekayələri daxildir.
Tədbirdə AYB-nin sədri, xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca, AYB- nin gənclər üzrə katibi Rəşad Məcid və başqaları iştirak edib.
Məlumat üçün bildirək ki, xalq artistləri Şükufə Yusupova, Fəxrəddin Manafov, Yalçın Adıgözəlov, əməkdar artist Mehriban Zəki, aparıcılar Nərgiz Cəlilova və Emin Musəvinin səsləndirdiyi hekayələr toplusunda əməkdar artist Emil Əfrasiyab və pianoçu Nizami Əliyevin bəstə və ifaları yer alıb.
Qeyd edək ki, "Qarabağ hekayələri" yazıçının sayca ikinci audio-kitabıdır. Kitab Bank Standartın maliyyə dəstəyi ilə ərsəyə gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB