Kitabxanaçıların ümumrespublika müşavirəsi keçirilib

Çingiz Abdullayev: “Azərbaycan kitabxanaları həyəcan təbili çalır”
Kitabxanaçıların ümumrespublika müşavirəsi keçirilib

Bu gün kitabxanaçıların ümumrespublika müşavirəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən kitabxanaçıların ümumrespublika müşavirəsinin iştirakçıları ilk olaraq Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Daha sonra müşavirə iştirakçıları görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.

Bundan sonra müşavirə iştirakçıları təşkil olunmuş sərgiyə baxış keçiriblər. Açılış mərasimində Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirdi ki, ölkəmiz qədim dövrlərdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçilib, zəngin kitabxanaları ilə tanınıb: "Kitabxanalar xalqın milli sərvətidir". Ulu öndər Heydər Əliyevin bu sözləri xalqın tarixi yaddaşını yaşadan, mədəni intibahında, dünyagörüşündə əvəzsiz rol oynayan kitaba və bu dəyəri əsrlərdən əsrlərə daşıyan mədəniyyət ocaqlarına - kitabxanalara verilən ən yüksək qiymətdir. Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır. Ümummilli lider Heydər Əliyev bu sahəni mədəni həyatın prioritet istiqaməti kimi hər zaman diqqət mərkəzində saxlayıb. Ulu öndər 1995-ci ildə respublikada kitabxana işinin inkişafını ətraflı şəkildə təhlil etmək barədə Nazirlər Kabinetinə tapşırıq verdi. Bu göstərişə əsasən 1996-cı ildə Nazirlər Kabinetində kitabxana işçilərinin respublika müşavirəsi keçirildi, kitabxana işinin inkişafının yeni istiqamətləri və vəzifələri müəyyənləşdirildi. "Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında" 1996-cı il 27 iyul tarixli qərar qəbul edildi. 1998-ci il dekabrın 29-da Milli Məclis "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanununu qəbul etdi. Sənəd kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsiplərini, kitabxana işinin və kitabxana sisteminin ümumi əsaslarını, kitabxana fondlarının formalaşdırılması və mühafizəsi tələblərini, kitabxana işi sahəsində beynəlxalq əməkdaşlığın prinsiplərini müəyyən edir. Qanunda kitabxana və kitabların milli sərvət olduğu, onların mühafizə olunub gələcək nəsillərə çatdırılması, iş proseslərinin avtomatlaşdırılması, qiymətli nəşrlərin elektron daşıyıcılarına köçürülməsi, informasiya sisteminə qoşulması ön plana çəkilib. Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərmanı kitabxana işi sahəsində yeni fəaliyyət istiqamətlərinə zəmin yaratdı. Qəbul olunan qərarlar ölkəmizdə kitabxana işinin təkmilləşdirilməsinə, kitab nəşrinin və kitabxanaların inkişafına ciddi təkan verdi. 2005-ci ildə kitabxanaçıların I Ümumrespublika müşavirəsində mövcud imkanlar müzakirə olundu, problemlər nəzərdən keçirildi. Prezident İlham Əliyevin "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" 20 aprel 2007-ci il tarixli sərəncamı respublikada kitabxana işi sahəsində yeni səhifə açdı. Sərəncamda müasir Azərbaycan cəmiyyətinin informasiya təminatının həyata keçirilməsində ölkə kitabxanalarının mühüm yer tutduğu vurğulanır, bu sahədə informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq müasir texnologiyaların tətbiqinin zəruriliyi vurğulanır. Ölkə Prezidentinin 6 oktyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" sahənin uzunmüddətli inkişaf strategiyasını və geniş tədbirləri müəyyən etdi. Proqram Azərbaycan Respublikasında kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, elmi-mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya təminatının artırılması, eləcə də Azərbaycan kitabxanalarının dünya informasiya məkanına daxil olmasının təmin edilməsini ön görür. Artıq beş ildir icra olunan Dövlət Proqramı ölkədə kitabxana işində yeni mərhələ açıb. Respublikamızda 11000 kitabxana mövcuddur. 3483 qədim tarixi abidə reyesterə alınıb. Biz qərara almışıq ki, Dövlət kitab palatası yaradaq".

Tədbirdə iştirak edən Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev müasir gənclərin yaradıcı düşüncəsi haqqında öz fikirlərini müşavirə iştirakçıları ilə bölüşdü: "Kitab oxunması ilə bağlı keçirilən sorğulardan məlum olur ki, Azərbaycanda kitab oxunması çox aşağı səviyyədədir. Halbuki, Sankt-Peterburq şəhərində 64 %,Gürcüstanda 48%, Ermənistanda 33%, Azərbaycanda isə bu 11%-dir. Hesab edirəm ki, Azərbaycanda 11% oxunmanın özü reallığı əks etdirmir. Bu rəqəm 3% həcmindədir. Hər kəs deyir ki, elektron informasiyalar çoxalıb kitabın oxunmasına bir o qədər də ehtiyac yoxdur. Onda belə çıxır ki, elektron informasiya yalnız Azərbaycanda mövcuddur. Digər ölkələr bizdən qat-qat geri qalır. Belə bir sual ünvanlamaq istəyirəm. Azərbaycan nəyi təbliğ edir? Xocalıda bizləri qırıblar deyilir. Nəyə görə deyilmir ki, Xocalıda 400-dən çox zabitimiz qəhramancasına həlak olub? Bu gün kitablarımız az tirajla çıxır. Hər şey nağıldan başlayır, nağıl oxumayan uşaq gələcəkdə başqa kitabları da oxumayacaq. Bu gün çalışmalıyıq ki, neft ehtiyatlarımız tükəndikdən sonra intellektual düşüncəmizi xaricə ixrac edək".

Müşavirədə iştirak edən Milli Məclisin Mədəniyyət Komisiyasının sədri, millət vəkili Nizami Cəfərov bildirdi ki, kitabxanaların dağılması dəyərlərimizin məhv olması deməkdir: "Azərbaycanda kitabxanaların dağılması daha çox tarixi hadisələrlə bağlıdır. Ancaq bu gün kitabxanalarımız yenidən bərpa edilir. Bu sahədə kifayət qədər qanunlar qəbul olunub. Bu sahədə bir sıra məqamlar var ki, onlar yenidən işlənilməlidir. 2008 cil ildə bu sahə üzrə 5 illik dövlət proqramı qəbul olunub".

Daha sonra müşavirədə əməkdar elm xadimi Abuzər Xələfov, M.F. Axundzadə adına kitabxananın direktoru Tahir Kərimov və regionlardan gəlmiş MSK-nın direktorları görülmüş işlər və problemlər haqqında məruzə ilə çıxış etdilər.

Tədbirin sonunda bir sıra kitabxana rəhbəri və işçilərinə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərman və təltifləri verildi.

Bütün xəbərlər Facebook səhifəmizdə