Yeni disk: "Tar ilə Dialoqlar"

Azərbaycanın xalq artisti, beynəlxalq müsabiqələr laureatı, professor, tarzən Ramiz Quliyevin İtaliyada "Tar ilə Dialoqlar" ("Dialogues with the Tar") adlı yeni diski buraxılıb. SİA-nın məlumatına görə, disk Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliyanın məşhur "Felmey Korso Monkalieri" şirkəti arasında imzalanmış müqavilə əsasında hazırlanıb. Müqaviləyə əsasən, İtaliyada Azərbaycan mədəniyyətinin təbliği məqsədilə altı diskdən ibarət "Azərbaycanın ənənəvi müsiqisi" musiqi albomlarının buraxılması planlaşdırılır. Layihənin müəllifi YUNESKO-nun eksperti, musiqişünas Sənubər Bağırovadır.

Qeyd etmək lazımdır ki, tarzən Ramiz Quliyevin yeni musiqi albomu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görüb və Azərbaycan tar ifaçılığının YUNESKO-nun "Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi" siyahısına qəbul olunmasına həsr edilib. Albomun dizayneri Karan Dasvani (İtaliya), koordinatoru Renzo Ponyant (İtaliya), fotoşəkillərinin müəllifi Aqdes Bağırzadə və Bartolomey Bultoviçdir (Polşa). Alboma Azərbaycan bəstəkarlarının tar və digər alətlər üçün yazılmış iri və kiçik həcmli əsərləri və Azərbaycan klassik muğamları daxil edilib.

Qeyd edək ki, professor Ramiz Quliyevin ifasında təqdim olunan əsərlər Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin simfonik və xalq çalğı alətləri orkestrləri tərəfindən müşayiət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə