Millət vəkili Hollandiyada görüşlər keçirir

Millət vəkili Hollandiyada görüşlər keçirir

Qənirə Paşayeva 500 mindən artıq türkün yaşadığı bu ölkədə Türk Federasiyasını sədri Murat Gedik və təşkilatın üzvləri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva 500 mindən artıq Türkün yaşadığı Hollandiyada ən böyük təşkilatlardan biri olan Türk Federasiyasını ziyarət edib. SİA-nın verdiyi məlumata görə, Hollandiya Türk Federasiyasını sədri Murat Gediklə görüş zamanı millət vəkili Qənirə Paşayeva bildirib ki, dünyanın hər yerində, o cümlədən Hollandiyada yaşayan Türk kökənli insanlarımız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar.

Millət vəkili Qənirə Paşayeva Hollandiyada və Avropada fəaliyyət göstərən Türk diaspor təşkilatlarının Azərbaycan, Türkiyə və ya digər Türk dövlət və toplumlarından gəlməsinə baxmayaraq koordinasiya olunmuş şəkildə bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da artırılmasının vacibliyini xüsusi diqqətə çatdırıb.

Hollandiya Türk Federasiyasının sədri Murat Gedik qardaş Azərbaycandan çox dəyərli bir bacımızı burda görməkdən və müzakirələr aparmalarından məmun olduqlarını deyib. "Taleyin cızmış olduğu ölkə sərhədləri bizləri qardaş olmaqdan ayıra bilməz. Bütün Türk dünyasının məsələləri bizim də məsələmizdir", - deyən Murat Gedik Hollandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə birlikdə Azərbaycan həqiqətlərinin yayılması, Azərbaycan mədəniyyətinin Hollandiya cəmiyyətinə daha geniş çatdırılması və təbliği istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildiriblər. Onlar millət vəkili Qənirə Paşayeva ilə görüşdə bu istiqamətdə həyata keçirməyi planlaşdırdıqları layihələr barədə məlumatlar verib, təkliflərini səsləndiriblər və onların həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Hollandiya Türk Federasiyasına Azərbaycan həqiqətlərinə dair materialları hədiyyə edib. Görüşdə Benelüks Azərbaycanlılarl Konqresinin sədri Sahil Qasımov və təşkilatın üzvləri də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə