Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfə verib
Ulu Öndərin hakimiyyətə yenidən qayıdışı bu sahənin tərəqqisinə yeni təkan verdi
"Xalq bir çox xüsusiyyətlərilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir". Bu sözlərin müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Azərbaycanın müstəqilliyinin ilk illərində mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı bu sahənin tərəqqisinə yeni təkan verdi.
Beləliklə də, Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıtdırılması dövrü başlandı.
İşinin həddindən artıq çoxluğuna, vaxtının isə hədsiz azlığına, vacib dövlət işləri ilə məşğul olmasına baxmayaraq Heydər Əliyev teatra gəlir, yeni tamaşalara baxır, hər zaman tamaşa sonunda səhnə arxasında sənətçilərlə görüşüb, konkret tamaşa və ümumən teatr sənətimiz barəsində strateji xarakterli, dərin məzmunlu fikirlərini söyləyib.
"Mən həmişə teatra bağlı və yaxın olmuşam. Bu ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdədir. İncəsənətin, o cümlədən kino və teatrın təsiri və tərbiyə qüvvəsi çox böyükdür. Bu qüvvədən bacarıqla istifadə etmək həmişə vacibdir. Teatr və incəsənət sahəsində çalışanlar çox fədakar insanlardır. Səhnədə onlara baxdıqda çox vaxt hər biri qayğısız, xoşbəxt insan kimi görünür, həmişə şəndirlər. Ancaq onların həyatının səhnə arxasında necə olmasını çoxları bilmir, heç təsəvvürlərinə də gətirmir. Mən bunları bilirəm. Ona görə də, incəsənət adamlarını cəmiyyətdə çox yüksək tuturam", - vaxtı ilə Heydər Əliyev belə demişdi.
Musiqi sənətimizin inkişafına xüsusi qayğı ilə yanaşan Ulu Öndərin sərəncamı ilə 24 bəstəkar və musiqişünasa "Prezident Təqaüdü" verildi. Onların bir çoxu "Şöhrət" ordeninə layiq görüldülər. Arif Məlikov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Arif Babayev, Habil Əliyev kimi musiqi xadimləri "İstiqlal" ordenilə təltif olundular.
Ulu Öndər Heydər Əliyev özü də Azərbaycanın xalq mahnılarına vurğun idi. Yeri gələndə Ulu Öndərin özü də zümzümə edərdi. Heydər Əliyev "Alagöz" mahnısını ifa edərkən o qədər musiqiyə həssas yanaşırdı ki, lirik mahnı onu kövrəldirdi.
- Və bu hələ son deyil. Azərbaycan kinosunun inkişafı da Heydər Əliyevin adı ilə bağlıdır. Bir sıra filmlərin yaranmasında onun şəxsi təşəbbüsü olub. "Uzaq sahillərdə", "İstintaq", "Bir cənub şəhərində", "Nəsimi", "Babək" ekran əsərlərinin yaranmasında, sovet senzurasından keçməsində Heydər Əliyevin səyləri danılmazdır.
Heydər Əliyev mədəniyyətin misilsiz gücü haqqında belə deyirdi. "Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB