Tar ifaçılıq sənəti UNESCO siyahısında

Tar ifaçılıq sənəti UNESCO siyahısında

Bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın tar ifaçılıq sənətinin UNESCO-nun bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi münasibəti ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tarın Azərbaycan musiqi sənətində xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək bu qərarın tam yerinə düşdüyünü ifadə edib. Nazir deyib ki, Azərbaycan musiqisinin atributlarından biri olan tar alətlərin zivəsində dayanır.

Ə. Qarayev bildirib ki, tarın UNESCO-nun siyahısına daxil olması bu alətin dünya mədəniyyətinə verdiyi töhfədir: "Buz bu yöndə işləri davam etdirəcəyik. Azərbaycanın mədəniyyət nümunələri UNESCO-nun həm qeyri-maddi, həm də mədəni irs siyahısına daxil olunacaq".

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi, xalq artisti, professor Ramiz Quliyev çıxış edərək bu əlamətdar hadisəyə çox sevindiklərini ifadə ediblər.

Məlumat üçün bildirək ki, tədbirdə həmçinin Azərbaycanın xalq artisti, professor Ramiz Quliyevin tar ifalarından ibarət diskin təqdimatı keçirilib.

Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə