Bakıda UNESCO Komitəsinin sessiyası keçiriləcək

Bakıda UNESCO Komitəsinin sessiyası keçiriləcək

Dekabrın 3-dən 7-dək Parisdə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyası keçirilib. Sessiyada Azərbaycan tar ifaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, müvafiq ənənəyə uyğun olaraq, sessiyanın sonunda Komitəyə növbəti ev sahibliyi edəcək ölkənin və sessiyanın sədrinin təyin olunması nəzərdə tutulub.

Aparılan müzakirələr nəticəsində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının və Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın 10 illik yubileyinin 2013-cü ilin 2-8 dekabr tarixində Bakı şəhərində keçirilməsi ilə bağlı qərar qəbul olunub. Beləliklə, 8-ci sessiya Mədəniyyət və Turizm Nazirliyinin sədrliyi ilə keçiriləcək. Çin, Yunanıstan, Burkina Faso, Braziliya və Misir isə komitə sədrinin müavinləri seçiliblər. Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan hökuməti adından çıxış edərək, UNESCO Katibliyinə və Komitə üzvlərinə ölkəmizin ev sahibliyi təklifini dəstəklədikləri üçün təşəkkür ediblər. Çıxışdan sonra isə Azərbaycan haqqında film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə