“Neftin adamı” mükafatla qayıtdı FOTO

“Neftin adamı” mükafatla qayıtdı FOTO

Rejissor Seyran Mahmudoğlunun "Neftin adamı" sənədli filmi Finlandiyada keçirilən "Wildlife Vassa International Nature Film Festival"-da (Beynəlxalq Təbiət Filmləri Festivalı) ölkəmizi uğurla təmsil edib. SİA-nın məlumatına görə, Azərbaycanın ilk dəfə təmsil olunduğu bu festivalda 50-yə yaxın ölkədən - Almaniya, Böyük Britaniya, Yunanıstan, Fransa Türkiyə, Çin, Rusiya, Braziliya və digər 157 sənədli film iştirak edirdi.

Seyran Mahmudoğlunun "Neftin adamı" sənədli filmi OSTROBOTHNİAN MUSEUM’S ARTİSTİC AWARDS nominasiyasında TERRANOVA SPECİAL MENTİONS (Terranova adına Xüsusi Mükafat) mükafatına layiq görülüb.

Festivalda iştirak edən filmin rejissoru Seyran Mahmudoğlu və ssenari müəllifi Esmira Əyyub neft haqqında çəkilən sənədli filmin maraqla qarşılandığını bildiriblər: "Bir çox Avropa və Asiya ölkələrindən nümayəndələrin iştirak etdiyi festivalda bizim film hər kəsin diqqətini çəkə bildi. Tamaşaçıların nümayiş zamanı filmə marağını, müsbət reaksiyasını görmək bizim üçün sevindirici idi. Öz aralarında pıçıldaşmalarını eşidirdik "Neftlə çəkir?" "Neft vannasıdı?".... Filmdəki dialoqlara da emosional münasibət göstərdilər. Bir sözlə, gözləntimiz özünü doğrultdu. Filmdən sonra tamaşaçılar bizə yaxınlaşıb maraqlarını və təəccüblərini gizlətmədən təbrik edirdilər".

Festivalda müxtəlif ölkələrdən maraqlı filmlərin iştirak etdiyini bildirən S. Mahmudoğlu onu da qeyd edib ki, beynəlxalq festivalda təmsil olunmaq kino sənətimiz üçün sevindirici haldır: "Bu həm tanınmağımız, həm də yeni tanışlıqlar, yeni perspektivlər deməkdir. Film artıq festival həyatına qədəm qoydu, ümid edirik ki, uğurları çox olacaq".

Rejissor onu da bildirib ki, "Neftin adamı" qısametrajlı sənədli filmi bu ilin dekabr ayında ölkəmizi Hindistanda təşkil olunacaq "Third Eye Asian Film Festival"da (Üçüncü Göz Asiya Film Festivalı) təmsil edəcək.

"Neftin adamı" sənədli filmi Azərbaycan neftini fərqli prizmadan təqdim edir. Filmin qəhrəmanı neftdən pul qazanır, lakin bu qazanc sənət yolu ilə əldə olunur. Qəhrəman neftlə rəsmlər çəkir. Həmçinin neft onun həyatında sağlamlığı üçün də önəmlidir. O, müalicə olunmaq üçün mütəmadi olaraq neft vannası qəbul edir. Onun əllərindən neft damır. Neft onun həyatına hər tərəfdən axır. Neftin adamı - rəssam Sabir Çopuroğludur.

Filmin prodüsserləri Seyran Mahmudoğlu, Esmira Əyyub, rejissor Seyran Mahmudoğlu, ssenari müəllifi Esmira Əyyub, quruluşçu operator Əli Sultanov, Səs Elşən Aslanov, rəng tərtibatı İbrahim Kərim, post prodakşn mərhələsində dizayner Kseniya Diadorovadır.

Bütün xəbərlər Facebook səhifəmizdə