Rusiya teatrlarından aktyorlarımıza şans!

Rusiya teatrlarından aktyorlarımıza şans!

İstedadlı gənclərin yaradıcılığının dəstəklənməsi, teatr rəssamlığı, işıq və səs sahəsində qabaqcıl ölkələrin teatr təcrübəsindən istifadə edilməsi və gənc kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün Azərbaycanın ayrı-ayrı teatrlarında çalışan mütəxəssislər müxtəlif teatrlara ezam olunublar.

Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, gənclərin müxtəlif teatrların təcrübəsini öyrənməsi ölkə başçısı İlham Əliyevin "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə", "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramlarına, habelə Mədəniyyət və Turizm Nazirliyinin kollegiya qərarına uyğun olaraq həyata keçirilir.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluş hissə müdiri Zəminə Orucova, işıq üzrə rəssam Vadim Kuskov və rəssam-modelyer Aynur Məmmədova təcrübə keçmək məqsədilə Rusiya Akademik Gənclər Teatrına, Vaxtanqov adına Teatra, Moskva Akademik Bədaye Teatrına və Böyük Teatra ezam olunublar.

Dövlət Gənc Tamaşaçılar Teatrının mütəxəssisləri dekabrın 11-dək sözügedən teatrlarda olacaq, iş təcrübəsini bölüşəcək və yeni teatr texnologiyaları ilə tanış olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə