Kurs təşkil olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Mədəniyyət və Turizm Nazirliyinin Aparat işçiləri üçün kurs təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, mərkəzin direktoru Ramazan Şabanov tədbiri açaraq Prezident İlham Əliyevin 5 sentyabr 2012-cİ il tarixli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"ndan irəli gələn vəzifələrdən danışıb.

Qeyd olunub ki, sənəddə dövlət qulluqçuları üçün etik davranış məsələləri üzrə mütəmadi tədris kursları və treninqlərin təşkil edilməsi nəzərdə tutulub. Ramazan Şabanov Milli Fəaliyyət Planının müvafiq bəndinin icrası ilə bağlı təşkil edilən kursun məqsədi barədə məlumat verib. Dəyirmi masa formatında təşkil olunan tədris kursunda korrupsiyaya qarşı mübarizə, dövlət qulluqçularının etik davranışı ilə bağlı bir sıra məsələlər müzakirə olunub, fikr mübadiləsi aparılıb, belə tədbirlərin əhəmiyyəti vurğulanıb.

Tədbirdə Dövlət İdarəçilik Akademiyasının və Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin əməkdaşları da iştirak ediblər. Dövlət İdarəçilik Akademiyasının Kadrların ixtisaslarının artırılması və yenidən ixtisaslaşma fakültəsinin dekanı Gülnarə Qurbanova, Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov və başqaları mövzu ətrafında məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi noyabr ayında bu istiqamətdə Lənkəran və İsmayıllıda treninqlər keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə