Sərgi açılıb

Yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması, təsviri və dekorativ sənət sahəsində bacarıqlı gənclərin üzə çıxarılması, bu sahəyə marağın artırılması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı Bakı şəhərində yerləşən "LN art" İncəsənət Mərkəzində Gəncə və Lənkəran şəhər uşaq rəssamlıq məktəblərinin müəllim və şagirdlərinin rəsm və dekorativ sənət işlərindən ibarət sərginin açılışı olub.

SİA-nın verdiyi xəbərə görə, sərgidə sözügedən məktəblərin müəllim və şagirdlərinin 150-dən yuxarı rəsm və əl işlərindən ibarət əsərləri nümayiş olunub.

Respublikamızda sırf rəssamlıq sahəsi üzrə ibtidai təhsil verən yeganə bu iki məktəbin yetirmələri son illər ərzində Azərbaycanda, eləcədə bir çox xarici ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə iştirak etmiş, diplomlara, fəxri fərmanlara və medallara layiq görülüblər.

Gəncə və Lənkəran şəhər uşaq rəssamlıq məktəblərinin müəllim və şagirdlərinin rəsm və dekorativ sənət işlərindən ibarət sərgini mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva açıq elan edərək sərgi iştirakçılarını təbrik edərək Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanlarını hər iki məktəbin direktorlarına təqdim edib.

Qeyd edək ki, mərasimin davamında rəsm və əl işlərinin sərgisinə baxış keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə