"Qonşumuz qarmon ifaçısı idi. Tez-tez onlara gedib mahnılara qulaq asır, eşitdiyim melodiyaları ifa edirdim. Bunu görən qonşumuz valideynlərimə məndə qeyri-adi istedad olduğunu deyib və məsləhət görüb ki, məni musiqi məktəbinə yazdırsınlar. O vaxtlar hələ orta məktəbə getmirdim "...
Bu sözlər gənc, olduqca istedadlı pianoçu - Həsənov Kamil Sənan oğluna aiddir. 16 yaşlı Kamil dəfələrlə beynəlxalq yarışların mükafatçısı, qalibi olub. O, 1996-cı ildə İmişli rayounda doğulub. Ailənin kiçik övladıdır. Özündən böyük olan bir qardaşı var. Hələ kiçik yaşlarından öz yaşıdları arasında fərqlənən bu gəncin qeyri-adi istedada malik olduğunu ilk dəfə yaxın qonşuları hiss edib. O, kiçik yaşlı Kamilın pianoda yaxşı çalmasına, yüksək musiqi duyumuna sahib olmasına biganə qala bilməyib. Özünü musiqisiz, pianosuz təsəvvür etməyən Kamil musiqini həyatının mənası, ömrünün bəzəyi hesab edir. O, həm də idmana böyük maraq göstərir. Redaksiyamızın qonağı olan istedadlı pionoçu ilə səmimi söhbətimizi oxucularımızla da bölüşürük.
- Kamil, redaksiyamıza qazandığın diplomlar, medal və mükafatlarla gəlmisən. Bu nailiyyətlərin kökündə əlbəttə ki, Tanrının sənə bəxş etdiyi istedad dayanır. Maraqlıdır, pianonun ecazkar səsi ilə ilk dəfə nə vaxt, harada tanış olmusan?
- Uşaq vaxtı çox dəcəl idim. Tez-tez qonşuya qaçıb orada piano çalırdım. Əvvəllər düşünüblər ki, dəcəllik edirəm. Axı dəcəl uşaqlar hər maraqlı oblekti kəşf etməyi xoşlayırlar. Lakin zaman keçdikcə pianodan soyumaq yerinə ona daha da çox bağlanmışam. Qonşumuz Vüsal mənə qarmonda mahnılar ifa etməyi öyrədirdi. Mən də öyrədilənləri həvəslə, qısa zamanda qavrayırdım. Sonra mənə balaca sintizator aldılar ki, evdə sintizatorda çalım.
- Bəs, musiqi məktəbinə neçə yaşında getmisən?
- Musiqi məktəbinə 6 yaşımda getmişəm. Hazırda 14 saylı musiqi məktəbində fortopiano ixtisası üzrə 11-ci sinifdə oxuyuram. Eyni zamanda Məzahir Rüstəmov adına 32 saylı orta məktəbin 11-ci sinifində təhsil alıram.
- Kamil, səndə musiqiyə olan bu həvəs yəqin ki, təsadüfü deyil. Ailənizdə musiqi ilə məşğul olan varmı?
- Doğrudur, musiqiyə olan məhəbbətim təsadüfü deyil. Əmim Vaqif Həsənov tar ifaçısıdır. Atam isə qitarada çala bilir. İstadadlı insanların əksəriyyəti ailə üzvlərinin xüsusiyyətlərini daşıyırlar. Bu, təbiidir.
- Deməli, ən böyük mənəvi dəstəyi atandan və əmindən alırsan...
- Musiqi ilə məşğul olmağımı onlar məndən də çox istəyirlər. Ən çox da atam mənə dayaq olur. Sevinirəm ki, musiqini duyan, sevən və bu sehirli aləmdən xəbərdar olan ailə üzvlərim var. Bilirəm ki, övladlarının istedadını boğan valideynlər də az deyil...
- Doğrudur, bu xoşbəxtlik hamıya nəsib olmur. Belə valideyinlər övladlarının istedadını boğaraq onlara mənəvi zərbə vururlar. Bu isə uşaqların gələcək həyatlarına qara kölgə salır...
- Əgər valideyinlərim mənə dayaq olmasaydılar bu gün qazandığım uğurlarım da olmazdı. Buna görə ailə üzvlərimə çox minnətdaram. Hər bir insanın mənəvi dəstəyə ehtiyacı var. Bu baxımdan çox şanslıyam. Məni həvəsləndirən, uğurlara səsləyən dostalarım da az deyil.
- Deyirsən dostların çoxdur. Dost sözünün mənasını neçə izah edərdin?
- Dost mənim nəzərimdə saf, təmiz, əqidəli insandır. Mən hər zaman insanlarda belə xüsusiyyətlər axtarıram. Sevinirəm ki, bu xüsusiyyətlərə malik olan insanların, dostların əhatəsindəyəm. Onların varlığı mənə həvəs verir. Belə dostlarımın olduğuna sevinirəm. Qardaşım Tural da mənim yaxın dostumdur. Onunla tez-tez dərdləşər, birlikdə musiqi və idman telekanalını izləyərik. Musiqi ilə bərabər idmana da böyük marağım var.
- Yerigəlmişkən, hansı idman növü ilə məşğul olursan?
- Sərbəst güləşlə məşğul olmuşam. İdmanla məşğul olmağı çox sevirəm. Lakin musiqiyə olan böyük məhəbbətim məni idmançı yox, musiqiçi olmağa vadar etdi. İdman sağlamlıqdır. Bu, hər bir insanın həyatında olmalıdır.
"Ən sevdiyim hobbim idmanla məşğul olmaqdır"
- Bir az da hobbilərindən danış...
- Ən sevdiyim hobbim idmanla məşğul olmaqdır. Insan idmanla məşğul olanda gərginlikdən, mənfi enerjidən uzaq olur. Hazırda vaxtım az olduğundan güləşlə məşğul ola bilmirəm. Lakin mütləq idmana davam edəcəyəm. Bu, mənim ən böyük hobbimdir. İdmanla məşğul olmaq ən gözəl, faydalı vərdişlərdəndir. İndi gənclərin əksəriyyəti idmanın müxtəlif növləri ilə məşğul olur. Rəsm çəkməyi də sevirəm. Təbiət mənzərələrini canlardırmaq daha çox xoşuma gəlir.
- Kamil, ən böyük uğurunu necə xatırlayırsan?
- Mənim üçün ən uğurlu gün- 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdünə layiq görüldüyüm gün olub. Bu, hər bir musiqiçi üçün böyük uğurdur.
- Təqaüdə layiq görülmək sən yaşda tələbə üçün yəqin ki, asan başa gəlməyib...
- Doğrudur, bu təqaüdə layiq görülməyimə qazandığım nailiyyətlərim səbəb olub. İlk uğurumu 2007-ci ildə "Gənc Pianoçuların IV-cü Bakı Müsabiqəsi"ndə ikinci yeri tutmaqla qazanmışam. Daha sonra Ukraynada keçirilən "Azərbaycan-Rusiya Mədəniyyətlərarası Dostluq Festivalı"nda I yerə layiq görülmüşəm. O zaman mənim 11 yaşım var idi. Beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil etmək mənə daha böyük fərəh hissi bəxş edir. Bundan başqa, 2009-cu ildə Gürcüstanda keçirilən pianoçuların beynəlxalq müsabiqəsində mükafatalayiq yer qazanmışam. Çox sayda fəxri fərmanlar və medallarla təltif olunmuşam. Daha sonra Suriyada keçirilən beynəlxalq müsabiqədə iştirak etmişəm və III yerə layiq görülmüşəm. Bu yaxınlarda isə Macarıstanda keçirilən cənc pianoçuların XIV beynəlxalq festivalında solo ifama görə III, ansambla ifama görə II yeri qazanmışam. Həmin müsabiqənin birinci hissəsində isə I yerə layiq görülmüşdüm. Beynəlxalq yarışların laureatı olduğum üçün fəxr hissi keçirirəm. Bundan sonra da uğurlarımın davam etməsi üçün səylə çalışacağam. Mötəbər qonaqların da iştirak etdiyi belə müsabiqələrdə çıxış etmək, Azərbaycanı layiqincə təmsil etmək mənim üçün fəxrdir.
- Maraqlıdır, çıxış etdiyin festivallarda sənə ən çox hansı bəstəkarların əsərləri uğur gətirib?
- Ən çox İohan Sebastian Baxın, Qara Qarayevin və Şopenin əsərlərindən bəhrələnmişəm və bu əsərlər mənə uğur qazandırıb. Bunlardan başqa dahi bəstəkarımız Üzeyir Hacıbəyovun, Tofiq Quliyevin əsərlərini də sevə-sevə ifa edirəm.
- Əsərləri məşq etmək, əzbərləmək çətin deyil ki?
- Düzünü deyim ki, mənim üçün o qədər də çətin deyil. Lakin ifa edəcəyim əsərlərin üzərində günlərlə, bəzən həftələrlə məşq edirəm. Çalışıram ki, tamaşaçıların yaddaşında səhvsiz, yüksək səviyyəli ifamla yadda qalım.
- Konsert zamanı xaric notlara toxunduğun olubmu?
- Bəzən olub. Əsərləri qüsursuz ifa etmək üçün diqqətli olmaq, yorğun olmamaq və yaxşı yaddaşa sahib olmaq lazımdır.
- Kamil, bütün insanlar sevdikləri işlərə və seçdikləri sənətə zaman ayırırlar. Bəs, sən gününün neçə saatını piano arxasında çeçirirsən?
- Hər gün bir neçə saat məşq edirəm. Bu sənətə bütün ömrümü verməyə hazıram... Zamanımı piano arxasında keçirməkdən zövq alıram. Ömrümü pianosuz təsəvvür etmirəm.
- Musiqi qeyri-adi, rəngli bir dünyadır. Bu dünyanın sakinləri qaranlıqdan, paxıllıqdan uzaqdırlar. Bəs, bu aləmdə səni özünə cəlb edən cəhətlər hansılardır?
- Mən kövrək insanam. Paxıl insanlardan, qaranlıq məqamlardan hər zaman uzaq olmağa çalışıram. Məni ancaq ifa edəcəyim əsərlər, qarşıda məni gözləyən uğurlarım düşündürür. Bu sehirli aləm yəqin ki, saflığına görə məni özünə cəlb edib. Həssas olmayan insandan nə şair, nə bəstəkar, nə də yaxşı incəsənət adamı olmaz. İfaçılıq sənəti də belədir. İnsandan istedadla bərabər təmiz hislər, həssaslıq tələb edir.
- Bəs ən böyük arzun nədir?
- Ən böyük arzum bir gün böyük konsert salonlarında solo konsert verməkdir. O günü hər zaman xəyal edirəm. Bakı Musiqi Akademiyasının tələbəsi olmağı da çox istəyirəm.
- Bu arzuna biz də qoşuluruq və o günün çox uzaqlarda olmadığına inanırıq.
Jalə Rzabəyli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB