Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunmuş "Sübhün səfiri" bədii filminin təqdimat mərasimi keçirilib.
SİA-nın məlumatına görə, tədbirdə giriş sözü iləçıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Mirzə Fətəli Axundzadənin yaradıcılığından söz açıb: "Dünyanın bir çox ölkələrində Axundzadənin yaradıcılığına müraciət edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə biz 11 aydır bu film üzərində çalışırıq. Filmdə Axundzadənin həyat və yaradıcılığına geniş yer ayrılıb".
Mərasimdə həmçinin filmin ssenari müəllifi Anar və quruluşçu rejissoru Ramiz Həsənoğlu da çıxış ediblər. Anar bildirib ki, filmdə bəzi mübahisəli anlar yaşansa da, Ramiz Həsənoğlunun səyi nəticəsində "Sübhün Səfiri" ərsəyə gəldi.
Ramiz Həsənoğlu qeyd edib ki, filmin Türkiyədə də nümayişi gözlənilir: "Türksoy 2012-ci ili Axundzadə ili elan etdiyi üçün məhz bu filmin qardaş ölkədə nümayişi xüsusilə yerinə düşər".
Quruluşçu rejissor çıxışı zamanı filmin bütün yaradıcı heyətini səhnəyə dəvət edib. Filmin ərsəyə gəlməsində əməyi olan və rol alan bütün şəxslər tamaşaçılara təqdim olunub.
Filmdə baş rolu canlandıran xalq artisti Rasim Balayev filmdən məmnun qaldıgını dilə gətirib: "Xoşbəxtəm ki, bu cür kollektivlə çalışmışam. Mirzə Fətəli Axundov fərqli obraz idi. Çalışdım ki, baş verənləri, xöşbəxtliyi, bədbəxtliyi və bütün anları tamaşaçılara çatdırım. Dərin və psixoloji obraz idi. Ümidvaram ki, bəyənəcəksiniz".
Aktyor Axundovla bağlı maraqlı bir əhvalatı da danışdı: "Yuxuda xəyalən Axundovun ruhu ilə görüşdüm. O mənə bütün əziyyətləri danışdı və mənim gözlərim doldu, ağladım. Axundov dedi ki, ağlamaq kişiyə yaraşmaz. Mübariz olmaq lazımdır! Mənim kimliyimi soruşdu. Mən də izah etdim. Gəlib bu günlərə qədər çatdığımızı danışdım. Mədəniyyətimizdə baş verənləri, ittifaqlarımızın bölündüyünü ona dedim. Gördüm ki, Axundov ağlayır. Mənə dedi ki, ağla, sən elə ağlamalı gündəsən".
Onu da qeyd edək ki, filmdə həmçinin xalq artisti Fəxrəddin Manafov, Nicat Əlizadə, Məlahət Abbasova, Güneş Mehdiyeva, Pərviz Məmmədrzayev və digərləri çəkilib.
Türkan MƏMMƏDLİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB