VIII “START” Gənclərin Beynəlxalq Film Festivalı açıldı

VIII “START” Gənclərin Beynəlxalq Film Festivalı açıldı

Bu gün VIII "START" Gənclərin Beynəlxalq Film Festivalının rəsmi açılışı olub. SİA-nın məlumatına görə, tədbirin aparıcısı Kamilə Babayeva ilk olaraq tədbir iştirakçılarına festival barədə geniş məlumat verib. Onun sözlərinə görə, festival Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizim Nazirliyi və "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı keçirilir.

Gənclər və idman nazirin müavini İntiqam Babayev çıxışında vurğulayıb ki, festival İstedadlı və yaradıcı gənclərin 2-ci Respublika Toplantısı çərçivəsində gerçəkləşir: "İlbəil əhatə dairəsini genişləndirən festival bu il bir çox yeniliklərlə yadda qalacaq. Qafqazın ən böyük qısametrajlı film yarışması olan "START"-a bu il Azərbaycan, Türkiyə, Almaniya, Portuqaliya, İspaniya, Polşa, Cənubi Koreya, Pakistan, İran, Rusiya, Gürcüstan, Estoniya, Ukrayna, Serbiya, İslandiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Belorusiya, ümumilikdə isə 20 ölkədən 250-dən çox film çəkilib. Seçim komissiyası festivalın müsabiqə proqramına animasiya, bədii və sənədli film növlərini əhatə edən 87 film daxil edib".

"START" tələbə filmləri festivalının direktoru Fehruz Şamıyev isə bildirib ki, müsabiqəyə təqdim olunan yerli və əcnəbi ekran əsərləri Avropanın tanınmış festivallarında mükafat alan kinematoqrafçılar və kino mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Festivalda iki- "Yerli" və "Beynəlxalq" müsabiqə proqramı olduğundan jüri üzvləri də bu proqrama əsasən seçilib. "Yerli" müsabiqədə filmlər 3 nəfərdən ibarət yerli münsiflər heyəti: kinorejissor Elxan Cəfərov, İlqar Safat və "New Baku Post" qəzetinin təsisçisi, jurnalist Tural Əliyev tərəfindən qiymətləndiriləcək.

"Beynəlxalq" müsabiqədə isə filmləri 5 nəfərdən ibarət beynəlxalq jüri heyəti seçəcək. Yeniliklərimizdən biri də məhz bu jürinin seçilməsidir. Bu, festivalın tarixində bir ilk olacaq. Belə ki, 8-ci "START" Gənclərin Beynəlxalq Film Festivalı Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadəyə ithaf olunduğundan beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvləri də ancaq yaradıcı, sənətdə öz sözlərini demiş xanımlardan ibarət olacaq. Onlar arasında xalq artisti, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, iranlı rejissor, ssenarist Təhminə Milani, ekspert jurnalist, publisist İlhamiyyə Rza, rusiyalı prodüser Yelena Yatsura, polşalı rejissor Culiya Kolbergedir".

Qeyd edək ki, festival 3 gün- 28, 29, 30 noyabradək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə