Berlində “Azərbaycan-Almaniya” sərgisi

Berlində “Azərbaycan-Almaniya” sərgisi

Avropa Azərbaycanlıları Konqresinin (AAK) və "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Berlindəki "Direktorenhaus" Qalereyasında "Rənglərin dialoqu: Azərbaycan-Almaniya" adlı sərgi açılıb.

SİA-nın verdiyi xəbərə görə, Azərbaycan rəssamlarının Qarabağ mövzusu ilə bağlı çoxsaylı rəsmlərinin təqdim olunduğu sərgidə Şəhla Qəhrəmanlının, Nərminə Vəliyevanın, Simona Vestfalın, Nizaket Sinanovskanın əsərləri böyük maraqla qarşılanıb.

Sərginin açılışında çıxış edən AAK-ın prezidenti Samirə Patser-İsmayılova mədəniyyətlərarası dialoqun müxtəlif mənşəli insanların bir-biri ilə yaxınlaşmasında rolundan danışıb. "Direktorenhaus" Qalereyasının direktoru Paskal Johanssen Qalereyanın yaranma tarixi və fəaliyyəti haqqında qonaqlara məlumat verib, müxtəlif mədəniyyətləri təmsil edən gənc rəssamların sərgilərinin məhz burada təşkilinə sevindiyini söyləyib.

Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Nüsrət Süleymanov Azərbaycanda mövcud siyasi və iqtisadi vəziyyət, ölkəmizin beynəlxalq əlaqələri, xüsusilə də Almaniya ilə əməkdaşlığı barədə söz açib. Bildirib ki, Azərbaycan Almaniya ilə təkcə iqtisadi sahədə deyil, mədəni və humanitar sahələrdə də əlaqələrə mühüm əhəmiyyət verir. N.Süleymanov noyabrın 2-dən 17-dək Berlində böyük müvəffəqiyyətlə keçirilən "Bakıya uçuş" sərgisində də Azərbaycanın müasir rəssamlıq nümunələrinin uğuru olduğunu diqqətə çatdırıb. Berlin Senatının təhsil siyasəti üzrə mətbuat xidmətinin təmsilçisi İlkin Özişık fərqli mədəniyyətləri özündə birləşdirən və müxtəlif millətlərin yaşadığı Berlin şəhərində belə bir sərginin təşkilinin millətlərarası dialoqun genişləndirilməsinə töhfə olduğunu bildirib.

"Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının professoru Şəhla Nağıyeva isə qeyd edib ki, sərgi iki ölkənin bənzərsiz mədəniyyət nümunələrini, tarixi yerlərinin gözəlliklərini əks etdirən rəsm əsərləri vasitəsilə xalqlarımızın bir-birinin zəngin mədəniyyəti, mədəni irsi ilə tanış olmaları üçün böyük imkanlar açacaqdır. Almaniyalı rəssam Peter Föller nümayiş olunan əsərləri rənglərin sehri kimi qiymətləndirib. P.Föller deyib ki, sərginin məqsədi müxtəlif millətlərə məxsus incəsənətin təsir gücünü nümayiş etdirmək və Azərbaycan və Almaniya rəssamları arasında qarşılıqlı anlaşma və sülh mövzusunda fikir mübadiləsi aparmaqdır. Gənc rəssamlar əsərlərinin yaranma tarixi, mövzusu və məzmunu ilə tamaşaçıları tanış ediblər. Şəhla Qəhrəmanlının qrafika üslubunda, Nərminə Vəliyevanın yağlı boya, alban mənşəli almaniyalı rəssam Nizaket Sinanovska və Simone Vestfalın sulu və yağlı boya ilə çəkilmiş rəsm əsərləri nümayiş etdirilib.

Qeyd edək ki Berlinin aparıcı nəşriyyat evlərinin birində sərgiyə həsr olunmuş kataloq çap edilib. Kataloqda Qarabağa xüsusi məlumatlandırıcı səhifə həsr edilib, Azərbaycan və onun tarixi simvolları haqqında məlumat verilib. Dekabrın 1-dən nümayiş etdiriləcək sərginin açılış mərasimində alman ictimaiyyətinin tanınmış nümayəndələri də iştirak ediblər. Alim Dr.Staynbax, Bundestaqın keçmiş üzvü, Türk-Azərbaycan Birliyinin sədri Hakkı Keskin, jurnalist və rejissor Willi Neunmann, bəstəkar və dirijor Nik Rayn, sənətkarlar Rutz İngrid –Vera, Sarwatzki Andrea və başqaları çoxsaylı qonaqlar arasında olublar. Sərgidə Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, Diasporla İş üzrə Dövlət Komitəsinin və AAKM-in nümayəndələri, alman və Azərbaycan mədəniyyətinin çoxsaylı təmsilçiləri, Azərbaycan və türk diasporlarının, eləcə də alman ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, tədbir Almaniyadakı azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM), Grand Cultural Event, Alman-Azərbaycan Forumu ilə birgə əməkdaşlıq şəraitində təşkil edilib. Tədbirin keçirilməsinə Azərbaycanın Almaniyadakı səfirliyi və Bakı GmbH təşkilati dəstək göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə