Şərurun Danyeri kəndinin məscidi əsaslı təmir olunub

Şərurun Danyeri kəndinin məscidi əsaslı təmir olunub

Naxçıvan Muxtar Respublikasında mənəvi dəyərlərimizin qorunub yaşadılması, dini abidələrin, ziyarətgahların bərpa edilməsi və yeni məscid binalarının tikilməsi və təmiri istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Bu gwn Şərur rayonunun Danyeri kəndinin məscid binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məscid binasının qarşısında kənd sakinləri ilə görüşüb.

Vasif Talıbov xalqımızın uzun illərdən bəri mənimsədiyi islami dəyərlərin yaşadılması, qorunub-saxlanılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirildiyini bildirərək deyib ki, din mənəviyyat, saflıq deməkdir. Bu gün istifadəyə verilən Danyeri kənd məscidi də insanlarımızın mənəvi cəhətdən zənginləşməsinə xidmət edəcəkdir. Mənəvi cəhətdən sağlam insanlar dövlət, cəmiyyət, eyni zamanda, ailə üçün əvəzsiz sərvətdir. Ona görə də dövlətimiz insanların fiziki sağlamlığı ilə bərabər, onların mənəvi sağlamlığının qorunmasına da xüsusi diqqət göstərir.

Ali Məclisin sədri muxtar respublikada bu cür məscidlərin tikilərək və təmir olunaraq əhalinin istifadəsinə verilməsinin islami dəyərlərimizin yaşadılmasına xidmət etdiyini bildirib.

Kənd ağsaqqalı Arif İbrahimov bildirib ki, muxtar respublikada mənəvi dəyərlərin, dini və mədəni abidələrin qorunub saxlanmasına böyük diqqət və qayğı göstərilir. Danyeri kəndindəki məscidin əsaslı təmir olunması da dövlətimizin dini dəyərlərimizə yüksək diqqətinin ifadəsidir.

Sonra Ali Məclisin sədri məscid binasına baxıb.

Məscidin həyətində geniş abadlıq işləri aparılıb, ağac və gül kolları əkilib, su xətti çəkilib, binanın divarları Azərbaycan memarlıq ənənələrinə uyğun olaraq bəzədilib.

Bütün xəbərlər Facebook səhifəmizdə