Festivala start verildi?

Bu gün 8-ci "START" Gənclərin Beynəlxalq Festivalı ilə bağlı mətbuat kofransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə kinorejissor Elxan Cəfərov, ekspert jurnalist və publisist İlhamiyyə Rza, "START" tələbə filmləri festivalının direktoru Fehruz Şamıyev, media nümayəndələri və başqaları iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan "START" tələbə filmləri festivalının direktoru Fehruz Şamıyev festival haqqında ətraflı məlumat verib: "28, 29, 30 noyabr tarixlərində Bakıda Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizim Nazirliyi və "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı 8-ci "START" Gənclərin Beynəlxalq Film Festivalı keçiriləcək. "START" Film Festivalı İstedadlı və yaradıcı gənclərin 2-ci Respublika Toplantısı çərçivəsində gerçəkləşir. İlbəil əhatə dairəsini genişləndirən festival bu il bir çox yeniliklərlə yadda qalacaq. Qafqazın ən böyük qısametrajlı film yarışması olan "START" –a bu il Azərbaycan, Türkiyə, Almaniya, Portuqaliya, İspaniya, Polşa, Cənubi Koreya, Pakistan, İran, Rusiya, Gürcüstan, Estoniya, Ukraniya, Serbiya, İslandiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Belorusiya ümümilikdə isə 20 ölkədən 250-dən çox film çəkilib. Seçim komissiyası festivalın müsabiqə proqramına animasiya, bədii və sənədli film növlərini əhatə edən 87 film daxil edib.

Müsabiqəyə təqdim olunan yerli və əcnəbi ekran əsərləri Avropanın tanınmış festivallarında mükafat almış kinemotoqrafçılar və kino mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Festivalda iki- "Yerli" və "Beynəlxalq" müsabiqə proqramı olduğundan jüri üzvləri də bu proqrama əsasən seçilib. "Yerli" müsabiqədə filmlər 3 nəfərdən ibarət yerli münsiflər heyəti: kinorejissor Elxan Cəfərov, İlqar Safat və "New Baku Post" qəzetinin təsisçisi, jurnalist Tural Əliyev tərəfindən qiymətləndiriləcək. "Beynəlxalq" müsabiqədə isə filmləri 5 nəfərdən ibarət beynəlxaql jüri heyəti seçəcək. Yeniliklərimizdən biri də məhz bu jürinin seçilməsidir. Bu, festivalın tarixində bir ilk olacaq. Belə ki, 8-ci "START" Gənclərin Beynəlxalq Film Festivalı Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadəyə ithaf olunduğundan beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvləri də ancaq yaradıcı, sənətdə öz sözlərini demiş xanımlardan ibarət olacaq. Onlar arasında Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, iranlı rejissor, ssenarist Təhminə Milani, ekspert jurnalist, publisist İlhamiyyə Rza, rusiyalı prodüsser Yelena Yatsura, polşalı rejissor Culiya Kolbergedir".

Qeyd edək ki, festivalın açılışı 28 noyabr saat 16: 00 da Nizami Kino Mərkəzində keçiriləcək. Filmlər 28, 29, 30 noyabr tarixlərində saat 11: 00 -dan başlayaraq Nizami Kino Mərkəzində nümayiş olacaq. Giriş sərbəst və pulsuzdur.

Bütün xəbərlər Facebook səhifəmizdə