Fikrət Əmirovun 90 illik yubileyi keçirilib

Fikrət Əmirovun 90 illik yubileyi keçirilib

Azərbaycanın görkəmli bəstəkarı, tanınmış ictimai xadim, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasından 90 illik yubileyi keçirilib. SİA-nın verdiyi xəbərə görə, dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, Fikrət Əmirovun ailə üzvləri sənətkarın məzarı üzərinə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vurğulayıb ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Fikrət Əmirov Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyət olduğunu vurğulayıb: "Onun simfonik muğam və muğam-poema janrlarında olan əsərləri Azərbaycanın özünəməxsus musiqi mədəniyyətinin mövcudluğundan xəbər verir. Fikrət Əmirovun xatirəsinə dövlətimiz tərəfindən hər zaman böyük ehtiram göstərilib".

Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli sənətkarın zəngin yaradıcılığından söz açıblar.

Bəstəkarın bacısı Şəfiqə Daşdəmirova Fikrət Əmirovun xatirəsini əziz tutan insanlara, yubileylə bağlı mədəniyyət tədbirlərinin təşkilatçılarına minnətdarlığını bildirib.

Qeyd edək ki, görkəmli bəstəkar müxtəlif janrlarda bəstələdiyi əsərlərlə musiqimizi dünya miqyasında tanıdıb. Onun "Sevil" operası, "Min bir gecə", "Nəsimi dastanı", "Nizami" baletləri, "Şur", "Kürd-Ovşarı", "Bayatı Şiraz" simfonik muğamları, "Azərbaycan kapriççiosu", mahnı və romansları, dram tamaşalarına və kinofilmlərə yazdığı musiqilər Azərbaycan mədəni irsinin qiymətli incilərinə çevrilmiş, təkcə Azərbaycanın deyil, bəşəriyyətin musiqi mədəniyyəti xəzinəsinə daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə