Ölüm xəbərin yayılan kimi, ilk növbədə onun tamaşaçılar qarşısındakı son görüşünü xatırladım. Gülərüz, (onun səhnəyə yaraşıq verən xüsusi gülüş cizgiləri, təbəssüm tərzi var idi –A.) və əl yelləyərək, kulisə keçən Yaşar Nuri...
Artıq, aramızda olmayan YAŞAR NURİ...
Əslində, unudulmaz aktyorumuz xəstə yatağına düşdüyü andan səhnəmiz sanki tənhalaşmışdı. Elə bir tənhalıq idi ki, nə isə çatmırdı. Bəs nə idi çatmayan? Ya da daha kimlər idi çatmayanlar? Əlbəttə ki, Yaşar müəllimin yaratdığı bənzərsiz, möhtəşəm, əvəzolunmaz obrazlar, rollar. Onların (obrazların – A.) hər biri yeganə insanın (Yaşar Nurinin – A.) daxilində elə formalaşmışdılar ki, bütövlükdə real Yaşar Nurinin kimliyini, ali kateqoriyasını müəyyənləşdirirdilər. Həmin rollara baxdığımız zaman, sadəcə, hafizəmizdə, nəzərlərimizdə YAŞAR NURİ ifadəsi canlanırdı.
YAŞAR MÜƏLLİM BUNU DA BACARDI
Nə yaxşı ki, qızıl filmoteka fondu var və hər belə itkilərdə səhnəsevərlərin ümidləri məhz həmin filmotekalara bağlı olur. Gerçək həyatda isə bir daha görə bilmədiyimiz Əliağa Ağayevlərə, Səməndər Rzayevlərə, Eldəniz Zeynalovlara, Əlabbas Qədirovlara, Hacıbaba Bağırovlara, Nəsibə Zeynalovalara və daha kimlərə, kimlərə YAŞAR NURİ də əlavə olundu. Təskinlik isə bundadır ki, Yaşar müəllim tənhalığa tərəf deyil, öz köhnə tərəf müqabillərinin, dostlarının, səhnə yoldaşlarının yanlarına tələsdi. Lap "Qatarda" olduğu kimi.
Onunla vidalaşmağa gedən hər bir səhnə vurğunu, sadəcə susqun, pərişan və təsəvvürlərində canlı Yaşar Nurini yaşadaraq öz yollarına davam edirdilər. Ta ki, vida mərasiminin keçirildiyi binaya qədər. Oraya çatan kimi Yaşar Nurinin yoxluğu daha tez nəzərə çarpmağa başladı. Yəni bu, o demək idi ki, Yaşar özü ilə bərabər milyonlarla alqış sədaları apardı. Bunu isə qazanmaq lazımdır. Hər aktyora sevimli tamaşaçıları ilə belə vidalaşmaq nəsib olmur. Ancaq Yaşar müəllim bunu da bacardı. Elə bacardı ki, arxasınca qapını çırpmadı, sadəcə, sakit tərzdə örtdü. Bu, həm də onun mədəniyyət göstəricisiydi. Səhnə mədəniyyəti göstəricisi...
O, son saatlarına kimi həyat mücadiləsi apardı. Çünki səhnədə güclü olduğu kimi, həmin gücünü xəstəliyinə qarşı da göstərmək istəyirdi. Amma təəssüflər olsun ki, bu dəfə bacarmadı. Bacarmadı və getdi. Amma belə getmək kaş ki, hər bir insana nəsib olardı – SÜRƏKLİ ALQIŞLARLA, MİNLƏRLƏ GÜL-ÇİÇƏKLƏ, DƏRYA QƏDƏR GÖZ YAŞLARI İLƏ...
Əlvida səhnəmizin nuru, Yaşar Nuri! Əlvida və görüşənədək...
AFƏT
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB