Azərbaycan- YUNESKO əməkdaşlığının 20 ili tamam oldu

Azərbaycan- YUNESKO əməkdaşlığının 20 ili tamam oldu

Bu gün Azərbaycan Respublikasının Mədəniyyət və Turizim Nazirliyi və Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə Azərbaycan – YUNESKO əlaqələrinə həsr olunmuş "Azərbaycan- YUNESKO mədəni əməkdaşlıq: 20 il" mərasimi keçirilib.

SİA-nın verdiyi xəbərə görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AR YUNESKO üzrə Milli Komissiyasının Birinci katibi Günay Əfəndiyeva, YUNESKO-nun Milli Komissiyalar və Vətəndaş Cəmiyyətinin şöbəsinin direktoru, YUNESKO-nun Mərkəzi Asiya Beynəlxalq Tədqiqatlar İnistutunun direktoru, YUNESKO Moskva ofisinin nümayəndəsi, media nümayəndələri və başqaları iştirak edib.

Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ətraflı məlumat verib: "Bu gün Azərbaycanda mədəniyyət sahəsində görülən işlərin sayı çoxdur. Çünki Azərbaycanın adı bütün beynəlxalq aləmdə səslənir. Eyni zamanda beynəlxalq aləmdə kifayət qədər işlər görüb və ildən-ilə genişlənir. Sözsüz ki, YUNESKO-nun bu beynəlxalq təşkilatlar arasında öz yeri var. Hər kəs bilir ki, bu gün Azərbaycan- YUNESKO əməkdaşlığının 20 ili tamam olur. Xüsusilə vurğulayım ki, bu əməkdaşlığın yaranmasında ölkənin birinci xanımı Mehriban Əliyevanın əməyi böyükdür".

Daha sonra mərasimdə AR YUNESKO üzrə Milli Komissiyasının Birinci katibi Günay Əfəndiyeva söz alıb: "Bildiyiniz kimi bu il Azərbaycanla - YUNESKO arasında əməkdaşlığın qurulmasının 20 ili tamam olur. Bünövrəsi Heydər Əliyev tərəfindən qoyulan və ölkəmizin başçısı cənab İlham Əliyev tərəfindən inkişaf etdirilən Azərbaycan- YUNESKO əlaqələri Azərbaycanın birinci xanım, YUNESKO və İSESKO –nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin dünya arenasında nüfuzunun artırılması istiqamətindəki böyük xidmətləri sayəsində öz dinamik inkişaf dövrünü yaşayır".

Qeyd edək ki, mərasimdə Azərbaycanın mədəni irsini əks etdirən sərgidən sonra konsert proqramı da təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə