Aktyor səhər saatlarında dünyasını dəyişib
Yaşar Nuri vəfat etdi

Uzun zamandır xəstəlikdən əziyyət çəkən xalq artisti, Şöhrət ordenli, Akademik Milli Dram teatrının aktyoru Yaşar Nuri vəfat edib. SİA-nın məlumatına görə, aktyor cümə axşamı səhər saat 05:00 radələrində dünyasını dəyişib.

Xatırladaq ki, 2008-ci ilin mayında Yaşar Nuri İstanbul klinikasında qaraciyərindən əməliyyat olunub. Aktyor 2009-cu ilin sonu, 2010-cu ilin əvvəlində İstanbulun "Memorial" xəstəxanasında müalicə alıb. Ötən ilin noyabrında onun səhhəti yenidən pisləşib. Bu dövr ərzində iki dəfə İstanbuldakı Amerika xəstəxanasına yerləşdirilib, Bakı Mərkəzi Gömrük Hospitalında müalicə alıb.

Yaşar Nuri 1951-ci ilin sentyabrın 3-də Bakı şəhərində, məşhur Azərbaycanlı artist M.Nuriyevin ailəsində dünyaya göz açıb. 1972-ci ildə Yaşar Nuri M.A.Əliyev adına Azərbaycan Teatr İnstitutunu bitirib.

1974-cü ildən o, Azərbaycan Dövlət Drama Teatrın aktyorudur. "Yaramaz", "Yol əhvalatı", "Hər şey yaxşılığa doğru", "Yoxlama" kimi məşhur filmlərdə, "Yarımştat", "Göz həkimi", "Kişilər" kimi teletamaşalarda rol oynayıb.

Yaşar Nuri 1989-cu ildən bəri Azərbaycanın xalq artistidir. Azərbaycanın "Şöhrət" ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə