"Makvala bu məsələdə yazıçılarımızla məsləhətləşməli idi"

"Makvala bu məsələdə yazıçılarımızla məsləhətləşməli idi"

"Ümumiyyətlə, yazıçı rəsmi biri deyil. Həmin şəxs Yazıçılar Birliyinin sədri olsa belə, bu heç nəyi dəyişmir. Onun hər hansı bir səfərində getdiyi yeri tanımaq və yaxud getdiyi yerlə bağlı hər hansı bir siyasi qərarın çıxarılacağına yardım göstərmək imkanı yoxdur". Bunu SİA-ya açıqlamasında xalq şairi Sabir Rüstəmxanlı Gürcüstanın Yazıçılar Birliyinin sədri Makvala Qonaşvilinin işğal olunmuş Dağlıq Qarabağa qeyri-qanuni səfər etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, yazıçı hər hansı ölkəyə maraq üçün gedə bilər: "Misal olaraq, mən sabah Abxaziyaya gedə bilərəm və bu ancaq maraq kəsb edər. Köhnə dostlarıma baş çəkmək üçün də başqa ölkəyə səfər edə bilərəm. Bu səbəbdən də Makvala Qonaşvilinin oraya nə məqsədlə getdiyini bilmədən qərar çıxarmaq düzgün deyil".

"Hərhalda o, Yazıçılar Birliyinin sədri olaraq bu məsələ ilə bağlı Azərbaycan yazıçıları ilə məsləhətləşsə daha yaxşı olardı. Bununla yanaşı, Gürcüstandan qayıtdıqdan sonra bəyanatında həmin ərazinin Azərbaycan torpağı olduğunu bildirsə çox yaxşı olar. Çünki biz Gürcüstanın ərazi bütövlüyünü tanıyırıq. Düşünürəm kİ, Gürcüstanın Yazıçılar Birliyi də buna adekvat addım atmalıdır",- deyə o əlavə edib.

Qeyd edək ki, Gürcüstan Yazıçılar Birliyinin sədri də daxil olmaqla, bir qrup gürcü yazıçısı Xankəndində keçirilən beynəlxalq festivalda iştirak edib. Makvala Qonaşvili mətbuata açıqlamasında bildirib ki, o sadəcə poeziya bayramında iştirak etmək üçün festivala qatılıb. Amma bu addımı ilə Azərbaycan qanunlarını pozduğundan xəbərsiz olub.

Bütün xəbərlər Facebook səhifəmizdə