Tədbir Azərbaycan Yazıçılar Birliyində keçirilib
Bu gün Azərbaycan elmində özünəməxsus yeri və rolu olan, görkəmli ziyalı, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor, filologiya elmləri doktoru Qəzənfər Paşayevin 75 illik yubileyi təntənə ilə qeyd edilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Yazıçılar Birliyində keçirilən yubiley mərasimi ziyalılarlıın çıxışları və xoş ürək sözləri, təbrikləri ilə yadda qalıb.
Tədbiri giriş sözü ilə açan AYB-in sədr müavini Arif Əmrahoğlu görkəmli ziyalı, alim Qəzənfər Paşayevin yaradıcılığının və elmi axtarışlarının Azərbaycan elminə böyük töhfə olduğunu qeyd edib. O bildirib ki, Qəzənfər müəllimin yaradıcılığında önəmli yer tutan İraq türkmənlərinin folkloru, ədəbiyyatına həsr etdiyi kitablar daim maraqla qarşılanıb və bu dəyərli araşdırmalara görə, onu "Kərkükşunaslığın banisi" adlandırıb.
Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar isə yubilyarı təkcə xalqın məhəbbətini qazanmış dəyərli ziyalı kimi yox, həm də mənəvi keyfiyyətləri ilə zəngin bir şəxsiyyət kimi dəyərləndirərək təbrik edib. AYB sədri Qəzənfər müəəllimi İraqla Azərbaycan arasında ədəbi əlaqələrin inkişafında göstərdikləri xidmətlərdən söhbət açıb və təmsil etdiyi qurum adından hədiyyə təqdim edib. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü professor Tofiq Hacıyev yubilyarın həm də əsl ziyalı kimi mənəvi zənginliyindən, onun humanistliyi və xeyirxahlığından danışıb. Bildirib ki, Q.Paşayev daim öz ustadına, müəlliminə həmişə hörmət və sayğıyla yanaşıb.
Millət vəkili, şair Sabir Rüstəmxanlı yubilyarı təbrik edərək onu xalqına xidmət edən əsl ziyalılardan olduğunu vurğulayıb. Millət vəkili, Atatürk mərkəzinin rəhbəri Nizami Cəfərov alimin təkcə istedadlı ziyalı kimi yox, həm də örnək bir insan olduğunu qeyd edib.
Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri Qənirə Paşayeva əmisi Qəzənfər Paşayevi tək bir ziyalı kimi deyil, həm də təvazökar, işıqlı insan kimi xarakterizə edib. "Qəzənfər müəllim onu tanıyan, onun kitablarını oxuyan gənclərə örnəkdir. O, hər zaman ziyalı insanlara dəyər verib və fəaliyyətində hər zaman millətini sevdiyini göstərib. Qəzənfər müəllimin hələ Sovet dövründə İraqda işləyərkən orada yaşayan türkmənlərlə bağlı apardığı araşdırmalar əsasında yazdığı silsilə kitablar bu gün də oxunmaqdadır. İnanıram ki, onun bundan sonra da fəaliyyəti İraqda yaşayan türkman soydaşlarımızın ədəbi yaradıcılığının Azərbaycanda daha da geniş tanıdılmasına öz böyük töhfəsini verəcəkdir. Biz uşaqlıqdan ədəbi mühitdə böyümüşük. Qəzənfər müəllimin çox işi olsa da, həmişə bizlərlə söhbətə vaxt ayırıb. Onun söhbətlərində hər zaman səmimiyyət görmüşük. Təkcə sözü ilə deyil, əməli ilə də hamıya örnək olub. O, gerçək ziyalı olmaqla bərabər, gözəl əmidir. O, bizə təkcə sözləri ilə deyil, həm də əməli ilə milləti və vətəni necə sevməyi, ona necə xidmət etməyi də öyrədib. Biz hər zaman onunla fəxr etmişik və indi də fəxr edirik. Biz onu çox sevirik" –deyə yubilyarı təbrik edib.
Tədbirdə iştirak edən və İraqdan olan türkmən yazarların çıxışı isə daha maraqla qarşılanıb. Hüseyn Paşayev də əmisini təbrik edərək ailəsi adından xatirə hədiyyəsi təqdim edib. Çıxış edən millət vəkili Jalə Əliyeva, şair İlyas Tapdıq, millət vəkili Aqil Abbas, Vaqif Arzumanlı, Nizaməddin Şəmsizadə və digər qonaqlar yubilyara ürək sözlərini bölüşüblər, ona bundan sonrakı həyatında və yaradıcılığında uğurlar arzu ediblər.
Tədbirin sonunda Qəzənfər Paşayev qonaqlara öz təşəkkürünü bildirib və deyilən xoş sözlərə görə özünü xoşbəxt saydığını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB