19-20 noyabrda Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçiriləcək. SİA-nın məlumatına görə, bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət Günləri çərçivəsində ölkəmizdə səfərdə olan Qazaxıstanın mədəniyyət və informasiya naziri Mınbay Darxan Kamzabekulının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, keçən il Qazaxıstanda keçirilən Azərbaycan mədəniyyət günləri çox yüksək səviyyədə baş tutub: "Hər iki ölkə arasında mədəni əlaqələr mövcuddur. Bununla yanaşı, turizm sahəsində əlaqələrimiz mövcuddur. Belə son 1 il ərzində ölkəmizə gələn qazaxıstanlıların sayı 10 min nəfər artıb".
Qazaxıstanla elektron kitab mübadiləsi sahəsində səylərin artırılmasının labüd olduğunu deyən nazir qazaxıstanlı həmkarına onu da xatırladıb ki, gələn ilin 29 may- 1 iyun tarixində Azərbaycanda II Beynəlxalq Mədəniyyət Forumu keçiriləcək.
Qazaxıstanın mədəniyyət və informasiya naziri Mınbay Darxan Kamzabekulı isə qeyd edib ki, hər iki ölkənin mədəniyyət münasibətləri qədim köklərə söykənir: "Bugünkü tədbirə Qazaxıstanın istedadlı mədəniyyət işçiləri qatılıblar".
Mınbay Darxan onu da vurğulayıb ki, Azərbaycan son zamanlar beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir və bu təqdirə layiqdir: "Hər iki ölkənin mədəniyyət infrastrukturunu dünya standartlarına cavab verməsi üçün bundan sonra da işləri davam etdirmək lazımdır".
Məlumat üçün bildirək ki, mədəniyyət günləri Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mədəniyyət, elm və turizm sahəsində uzunmüddətli əməkdaşlıq haqqında" proqramına əsasən həyata keçirilir.
Qeyd edək ki, bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qazaxıstan Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi və teatrın foyesində fotosərgi təşkil olunacaq. Fotosərginin açılışı saat 18:30-da, təntənəli konsert isə saat 19:00-da başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB