“Kəlbəcər: ömrüm, həyatım”

Bu gün Aşıq Şəmşir Mədəniyyət ocağının təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Qənbər Şəmşiroğlunun "Kəlbəcər: ömrüm, həyatım" adlı kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbir müəllifin həyat və yaradıcılığını əks etdirən video- çarxın nümayişi ilə başlayıb.

İlk olaraq çıxış edən folklorşünas alim Məhərrəm Qasımlı müəllifin yaradıcılığının bədii estetik xüsusiyyyətləri, onun bir yazıçı kimi məxsusi dəsti xətti barədə tədbir iştirakçılarına məlumat verib.

Q. Şəmşiroğlu çıxışında bildirib: "Bu kitabımda Kəlbəcər xalqının ürəyində olan ağrı acının, niskili öz sözlərimlə ifadə etməyə çalışmışam. Kitabın ərsəyə gəlməsinin uzun tarixi var. 1953- 1994- cü illərdə həyatımda baş verən bu xatirələri burada yazmışam. Buna baxmayaq bəzi xatirələrimi hələ də dərc etdirə bilməmişəm".

Şair onu da vurğulayıb ki, yaşadığı müddət ərzində bu mövzuda əsərlərini yazmağa davam edəcək.

Məlumat üçün bildirək ki, bugünkü tədbirdə müəllifin "Bir də görüşərdik" adlı şeir kitabı da nümayiş olunub.

Qeyd edək ki, kitabda şairin doğulub boya çatdığı eldə, obada bir sıra partiya və dövlət vəzifələrində çalışdığı zaman apardığı böyük quruculuq işlərindən, doğma Kəlbəcərdə gördükləri nailiyyətlərdən söz açılıb. Topluda uzun illər ərzində yaddaş dəftərində apardığı qeydlərdən istifadə edən müəllif Kəlbəcərin ictimai- siyasi həyatı ilə bağlı şahidi olduğu hadisələri qələmə alıb. AYB-nin üzvü, "Qızıl qələm" mükafatı laureatı olan Q. Şəmşiroğlunun iki kitabdan ibarət olan "Kəlbəcər: ömrüm, həyatım" adlandırdığı xatirələr toplusunun I hissəsi müəllifin sayca 12-ci kitabıdır. 1000 tirajla çap olunan kitabın redaktoru şair- publisist Füzuli Ramazanoğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə