Bu gün tanınmış ictimai-siyasi xadim, yazıçı Səyyad Aran "Sandıqda qalan muştuluq" adlı kitabının təqdimatı və 60 illik yubileyi münasibəti ilə mərasim keçirib.
SİA-nın verdiyi xəbərə görə, tədbirdə "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, tənqidçi Əsəd Cahangir, yazıçı Əjdər Ol, media nümayəndəli və başqaları iştirak edib.
Tədbiri giriş sözü ilə açan Rəşad Məcid səbəbkar haqqında ürək dolusu danışıb: " Səyyad müəllimin 80-cı illərdən hekayələrini oxuyuram. Çox istedadlı və bacarıqlı insandır. Onu da xüsusilə nəzərinizə çatdırım ki, Yeni Azərbaycan Partiyasının fəal üzvlərindəndir. Səyyad Aran bir müddət ədəbiyyatdan uzaqlaşaraq siyasi işlərlə məşğul olurdu. Ancaq yenidən ədəbiyyata qayıdaraq sözünüdemiş yazıçı olduğunu sübut etdi".
Mərasimdə daha sonra söz alan yazıçı Əjdər Ol həmkarının siyasətçi olmağı ilə yanaşı yaxşı yazıçı olduğunu dilə gətirib: " Həyatımızda bəzən yaxşı və pis səhifələr olur. Ancaq Səyyad Aran hər zaman öz həyatını düzənli qurub. Onu da vurğulayım ki, bəzi həmkarlarımın 20-dən artıq kitabları nəşr olunub. Ancaq buna baxmayaraq onlar nə oxunur nə də ki, satılır. Səyyad Aranın kitabları isə hər zaman stol üstü kitablarımız olub".
Tədbirdə çıxış edən tənqidçi Əsəd Cahangir Səyyad Aranın kitablarının maraqlı olduğunu qeyd edib: "Yenicə çapdan çıxan kitabında da toplanmış hekayələr mövzu rəngarəngliyi, dilinin canlılığı, təsvirlərinin lakonikliyi ilə maraq doğurur. Onu da deyim ki, səbəbkarın özünü və sözünü çox sevirik. Nə yaxşı ki, Səyyad Aran kimi insanlar var".
Nəzərinizə çatdıraq ki, Səyyad Aranın ilk kitabı "Körpü" 1983-cü ildə "Gənclik" nəşriyyatında işıq üzü görüb. Bədii yaradıcılıqda debütü isə 1978-ci ildə "Ulduz" jurnalının 11№-sində olub. Sonralar əsərləri "Azərbaycan", "Literaturnıq Azerbaydjan", "Qrakan Aderbecan", "Gənclik", "Azərbaycan qadını", "Pioner" jurnallarında, "Ədəbiyyat və incəsənət", "525-ci qəzet", "Yol", "Dədə Qorqud" və s. qəzetlərdə dərc edilib. "Soyuq günəş" ("Təbriz" nəşriyyatı, 1996) "Aklanma kağıdı" ("Təmizlik kağızı", İstanbul, "Milenyum" nəşriyyatı, 2010) kitabları müəllifin bədii istedadını geniş oxucu kütlələrinə tanıtdırıb.
Qeyd edək ki, filologiya elmləri doktoru, professor Akif Hüseynov YB-nin illik konfransında (1985) "Körpü" hekayəsini ilin ən uğurlu hekayələrindən biri kimi təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB