"Biz şairlər gözəlliyə laqeyd qala bilmirik" MÜSAHİBƏ

"Biz şairlər gözəlliyə laqeyd qala bilmirik" MÜSAHİBƏ

Ömrünün 70 ilini ədəbiyyata, sənətə, şeirə həsr edən Ramiq Muxtar 1942-ci il sentyabr ayının 5-də Naxçıvan şəhərində anadan olub. Anası ədəbiyyat müəlliməsi, atası isə mühəndis olub. 5 yaşında olarkən anasını itirən şairi və bacısını nənələri böyüdüb boya-başa çatdırıb. Ramiq Muxtar 11 yaşında olarkən şeirlər yazmağa başlayıb. Hələ o vaxtlar şeirləri "Pioner" qəzetində dərc olunan şair "Sülh" "Bacım Zivər", "Qələbə bayramı", "Bahar" və s. şeirləri ilə tanınıb. O özü məktəb vaxtı hamının onun şair olacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, şairin sözlərinə 120 mahnı yazılıb. Flora Kərimova, İlhamə Quliyeva daxil olmaqla 65 muğənni şairin mahnılarını oxuyub. Onun 7 dram əsəri var.

Görkəmli yazarımız Ramiq Muxtarın müsahibəsini SİA oxucularına təqdim edirik.

Səməd Vurğunlu xatirələr

- Ötüb keçən xatirələrinizdən hansılar yadda qalıb?

- Yadımdadır, o vaxt Səməd Vurğun Naxçıvana sərhədçilərlə görüşə gəlmişdi. Həm də axşam tamaşasının premyerası keçiriləcəkdi. O zaman mənim 11 yaşım var idi. Atam mənə dedi ki, Səməd Vurğun bura gəlib. Xalq artisti İsa Musayev deyir ki, oğlunu gətir qoy o yoxlasın məndən şair olacaq ya yox. Mən Səməd Vurğunla görüşdə "Sülh" şeirini dedim. Şair birini dədeməyimi istədi. Mən də "Bacım Zivər"i dedim. Sonra Səməd Vurğun məni bağrına basıb, atama dedi ki, sən xoşbəxt adamsan. Çünki, oğlun bu yaşda belə şeirlər yazır. Mən o vaxt rejissor olmaq istəyirdim. Rejissorluğu öyrənəndən sonra Naxçıvan dram teatrında rejissor işləmişəm.

- Sizcə əsil şair necə olmalıdır?

- Şairlikdən qabaq gərək insan olasan. Şairlik isə Allah vergisidir. O, sonradan yaranmır. Gözəl oxuyan qızların cehizi elə onların səsidir. Kişilərə verilən talant isə elə bil onların bankdakı 5 manat puludur. Bunu nə yer qazmaqla, nə də ağac əkməklə qazanmaq olmaz.

- Şairlər kövrək qəlbli olur deyirlər. Siz nə dərəcədə kövrəksiniz?

- Mən uşaqlıqdan kövrək olmuşam. Yanımda kim ağlayıbsa mən də onunla birgə ağlamışam. Hələ 70 yaşımda başa düşmüşəm ki, səhv eləmişəm. İnsan gərək bir balaca sərt ola. O vaxt kim istəyibsə son qəpiyimi də ona vermişəm.

- İndi hansı illərinizi qaytarmaq istəyərdiniz?

- Heç birini. İnsan kamilliyə çatanda heç nəyi geri qaytarmaq istəmir. Səhv və düzlərimi hələ indi başa düşürəm. Həm də qaytarılmayacaq illəri boş-boşuna niyə arzulayım?

- Həyatınızı istədiyiniz kimi yaşamısınız?

- Xeyr. Bir uşaq ki, anasını itirir o heç vaxt ürəyincə yaşaya bilməz. Anasız böyüməyi heç düşmənimə də arzu etmərəm.

- Ən sevdiyiniz şairlər kimlərdir? Ən çox kimin şeirlərini oxuyursunuz?

- Mən elə uşaqlıqdan bütün klassik şairləri oxumağı sevmişəm. Amma mənim üçün Azərbaycan dilinin, şeiriyyətinin ən böyük şairi Molla Pənah Vaqifdir. O, təmiz Azərbaycan dilində yazıb.

- Bəs müasir yazıçılardan kimləri oxuyursunuz?

- İsa Hüseynovdan başqa müasir yazıçı tanımıram. Daha cavanlardan isə İlqar Fəhminin şeirləri xoşuma gəlir.

- Gənc yazarlara nə məsləhət görərdiniz?

- Ümumiyyətlə, yaradıcı insanlara heç bir məsləhət görmək lazım deyil. Bu onların öz qanından gəlir. Müasir yazarlardan İlqar Fəhmini, Ramiz Rövşəni mən şair kimi qəbul edirəm.

- Hal-hazırda nə ilə məşğulsunuz?

- "Özgə ürəyi" adlı pyes yazıram. Arada da şeirlər yazıram. Bu yaxınlarda göz həkiminə getmişdim. Orada işləyən gözəl bir qız gördüm. Biz şairlər də gözəllik görəndə ona laqeyd qala bilmirik. Evə gələndə həmin qıza şeir yazdım. Bir neçə gündən sonra həmin xanıma zəng eləyib şeirimi oxudum. Çox xoşuna gəldi. Xahiş etdi ki, bu şeiri onun rəfiqəsinin yanında oxuyum. Mən də gedib oxudum.

Bütün xəbərlər Facebook səhifəmizdə