Həştərxan Teatrı Bakıda

Noyabrın 15-də, saat 17.00-da Gənc Tamaşaçılar Teatrında Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat konfransı keçiriləcək. SİA-nın məlumatına görə, sözügedən teatrın yaradıcı heyətinin iştirakı ilə gerçəkləşəcək konfransın əsas məqsədi Bakıda baş tutacaq qastrol səfəridir. Belə ki, Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı 15-16 noyabr tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında qastrol tamaşası ilə çıxış edəcək.

Konfransda hər iki teatrın direktorları çıxış edərək qastrol səfərlərinin ölkə teatrları və teatr mütəxəssisləri arasında yaradıcılıq mübadiləsi üçün əhəmiyyətindən danışacaqlar.

Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının Eduard Uspenskinin "Dyadya Fyodor, pyos i kot" tamaşası noyabr ayının 15-16-da saat 12.00 və 15.00da nümayiş etdiriləcək. Nağıl janrında olan ikihissəli tamaşanın rejissoru A.Radoçinski, rəssamı V.Litvinov, geyim üzrə rəssamı T.Kolesnikova, baletmeysteri L.Kameletdinovadır.

Səhnədə rolları Sobolyev Kirill, Sneqiryeva Yekaterina, Romaşkina Yelena, Pşeniçnıy Yevgeniy, Petruxin İqor, Maksakova Anna, Juravlyev Stanislav, Aşayev Yuriy və başqaları ifa edəcəklər.

Məlumat üçün bildirək ki, 1933-cü ildə yaradılan Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiya Federasiyasının qədim tarixə malik teatrlarından biridir. Teatrın bədii rəhbəri Rusiyanın Xalq Artisti Yuriy Vladimiroviç Koçetkovdur. Teatrın repertuarında azyaşlı tamaşaçılar üçün "Skazka o zolotoy ribke", "Skazka o pope i eqo rabotnike Balde", "Sindbad-morexod", "Alenkiy svetocek", "Konek-qorbunok", "Dyadya Fyodor, Pyes i Kot", eləcə də digər yaş kategoriyalarını əhatə edən tamaşaçılar üçün "Tri muşketyora", "Primadonnı", "Strasti po Torçalovu" və başqa səhnə əsərləri var. 2008-ci ildə teatrın 75 illik yubileyi qeyd olunub.

İkitərəfli yaradıcılıq müqaviləsinə əsasən gələn il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiya Federasiyasının Həştərxan şəhərinə qastrol səfəri edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə