Teatr Konfransı çərçivəsində seminar keçirilib

Teatr Konfransı çərçivəsində seminar keçirilib

Gənc Tamaşaçılar Teatrında "Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər" II Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində seminar keçirilib. SİA-nın məlumatına görə, ASSİTEJ-in baş katibi İvisa Simiçin keçirdiyi rejissor sənəti mövzusuna həsr olunan seminarda teatrın aktyor heyəti iştirak edib.

Giriş sözü ilə çıxış edən teatrın direktoru, ASSİTEJ- Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov seminarın məqsədi haqqında məlumat verib: "Artıq ikinci dəfədir ki, ölkəmizin ev sahibliyi etdiyi II Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində keçirilən seminarın əsas məqsədi 2013-cü ildə teatrımızda həyata keçiriləcək yeni bir layihənin müzakirəsini təşkil etməkdir. Bildiyiniz kimi, 2013-cü ilin aprel ayında ASSİTEJ-in baş katibi İvisa Simiçin (Xorvatiya) rejissorluğu ilə teatrmızda Lev Tolstoyun "Buratino" əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə start veriləcək".

İvisa Simiç teatrın uşaqların həyatındakı missiyasını diqqətə çatdıraraq, hazırda yaradıcılıq işi ilə məşğul olduğu böyüklər və balacalara həsr olunan tamaşaları, əməkdaşlıq etdiyi xarici ölkələr haqqında məlumat verib.

"Buratino"da baş verən hadisələri, ayrı-ayrı personajları – taxta parçasından hazırlanan Buratino, teatra və aktyorlara sahib olan mənfi Karabas Barabas, hazırladığı taxta oyuncaqları canlı qədər inandırıcı olan Papa Karlo və başqalarını təhlil edən rejissor sonda tamaşanın rol bölgüsünü həyata keçirib. Seminar – görüşdə ASSİTEJ-in prezidenti İvetta Hardi də (Cənubi Afrika) iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə