Gənclərin əksəriyyətinin ən böyük xəyalı toydur. Onlar üçün toy qızın bəyaz gəlinlik, oğlanın isə kostyum geyməsi və onların bahalı maşından düşüb şadlıq sarayına daxil olmasından ibarətdir. Heç bir ölkədə Azərbaycanda olan qədər şadlıq sarayı yoxdur. Bəs toyların vəziyyəti necədir? Qonaqlar toya həvəslə yoxsa məcbur gedirlər?
Bu yaxında bir saytda bir sıra yazarların toylar haqqındakı bəyanatını oxudum. "Əziz qohumlar, yaxınlar! Biz yazarlar belə qərara gəldik ki, bundan sonra heç bir toyda iştirak etməyək və ona görə də xahiş edirik ki, bizi məlum ənənələrlə müşayiət olunan məclislərinizə dəvət etməyəsiniz"- söyləyən yazarlar bundan sonra heç bir məclisə getməyəcəklərini bildiriblər. Həmin bəyanata Murad Köhnəqala, Salam Sarvan, Aqşin Yenisey, Kənan Hacı, Cəlil Cavanşir, Əsəd Qaraqaplan kimi yazarlar imza atıb.
Görəsən bu bəyanatla bağlı qocaman yazıçıların münasibəti necədir? İndiki toylar onları nə dərəcədə qane edir?
Bu yaxınlarda oğluna elçi gedən şair Qəşəm Nəcəfzadənin toy haqqındakı fikirləri necədir? Oğlunun toyunu dost-tanış arasında keçirəcəyini bildirən şair toyla bağlı bəyanatın düz olmadığını bəyanatın saxlama mexanizminin olmaması ilə əlaqələndirib. Bəyanatın yazıçılar arasında olması isə onu çox təəcübləndirib: " Şairin şairdən başqa kimi var? Burada məntiq yoxdur. Deyirlər ki, toyda adam az olsun. Bilmirlər ki, qonağın sayı endikcə qiymət qalxır. Toyu 50 adamla eləsən xərc daha ağırdı nəinki 100 adamla. Pulu dost toyuna xərcləyəndə nə olur?Birdəki onlarda övlad toyu tecrübəsi yoxdur. Bu hissin sevincini yaşamayıblar". Toyların mənfi cəhətlərinə gəldikdə isə şair bunları səs akustikasının düzgün seçilməməsi, musiqiçilərin azlığı, tamadanın savadsızlığı, səs-küyün çox olması ilə əlaqələndirib.
"İndiki toylar rüşvətin başqa bir yoludur"
Yazıçılar birliyinin katibi Fikrət Qocanı elə müsahibə zamanı zəng edib toya çağırdılar:
"O vaxt rəhmətlik Rəsul Rza Anarı evləndirəndə elan etdi ki, heç kəs nə hədiyyə, nə də pul gətirməsin . İmkanlı biri toy edəndə hamı ora gedib "pul salmağa" can atır. Adi biri toy edəndə isə toy sahibi qohum-əqrabasını, dost-tanışını, kimin toyuna gedibsə onu çağırır. Mən çağırılan toyların əksəriyyətinə gedirəm. Təbii ki, imkan daxilində. İnsana azadlıq nəyə görə verilir? Hər kəs necə toy eləmək istəyirsə elə də edir. Maddi imkanın yaxşı olmasa da çox yaxın birinin toyuna getməlisən. Bu həyatdır. Yazarların toy haqqındakı bəyanatına gəldikdə isə bu da həmin yazarların öz fikridir. İnsan azadlığı deyə bir anlayış var. Heç kimi toya məcbur aparmaq olmaz".
"Toy standartlarını dəyişmək lazımdır"
AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu da toylardan narazıdır :"Təbii ki, bütün toylara getməyə imkanım olmur. Maddi imkanım da hər dəvət olunan hər toya getməyə imkan vermir. İndiki toyların səs-küyündən danışmalı deyil. Toy standartlarını dəyişmək lazımdır. İnsan toyda darıxırsa, məclisdə oturmursa deməli o əsl şənlik deyil. Tamada söz deyəcək, xanəndə oxuyacaq, gah quda, gah bacanaqlar, gah qonşular..."
"Toy keçirmək üçün kreditə pul götürən insanlar var"
Şair, publisist Dayandur Sevgin çağırılan toylara getmək məcburiyyətində olduğunu bildirib. Onun sözlərinə görə yaşlı insanlarla əksər gənclərin toy haqqında fikirləri üst-üstə düşsə də, yaşlılar toya getməyə məcbur qalırlar: "Bəyanat verən yazarlar çağırılan toylara getməyə bilərlər. Ancaq biz getməyə məcburuq. Onlar düz fikirləşirlər ki, indiki toylar bərbad vəziyyətdədir. İnsanlar nəmər yazdırmaq üçün bir-biri ilə bəhsə girir. Çağırılan yerə bir dəfə, iki dəfə getmədikdən sonra səni saya salan olmur. Həm də toylarda yeməklər israf olunur. Mən belə düşünürəm ki, gənclər toya getməmək yox, toyun formatını, mahiyyətini dəyişməyə çalışsınlar və belə bir bəyanat versinlər. Toy keçirmək üçün kreditə pul götürən insanlar var. İctimai qınaq deyilən anlayış isə həm hökumət, həm dini qanunlardan öndə gedir. Gənclər ictimai qınaqla bunların qarşısını ala bilərlər".
Xanım Nağıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB