“Uğuru düşün. Onu gerçəkləşdir”

“Uğuru düşün. Onu gerçəkləşdir”

Bu gün Mərkəzi və Şərqi Avropa, Skandinaviya, Şimali Amerika incəsənət qrupunun dram və rəqs məsləhətçi, rəssam Endryu Cons Gənc Tamaşaçılar Teatrının gənc aktyorları və texniki heyətilə görüş - treninq keçirib. SİA-nın məlumatına görə, teatrının British Counsil ilə növbəti birgə layihəsi olan bu treninq "Uğuru düşün. Onu gerçəkləşdir" layihəsi çərçivəsində baş tutub.

Görüşdə çıxış edən teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov layihənin əsas məqsədi haqqında məlumat verib. Onun sözlərinə görə, bir sıra təlimlər keçiriləcək və layihə çərçivəsində yeni tamaşa hazırlanaraq müxtəlif Avropa ölkələrində nümayiş etdiriləcək.

Endryu Cons özü haqqında məlumat verərək layihənin əsas məramı, keçiriləcək təlimlər, seminarlar haqqında danışıb: "Mədəniyyət və Turizm Nazirliyi Britaniya Şurasının təşkilatçılığı ilə Azərbaycanın hər hansı bir teatrı ilə tamaşa hazırlamaq təklifi olunub. Bu əsasən bir sıra təlimlərin, treninqlərin həyata keçirilməsinə əsaslanır. Bu tip treninqlər dünyanın bir sıra ölkələrində həyata keçirilir ki, məqsəd yaradıcı və texniki heyətə nəyisə öyrətmək yox, təcrübə mübadiləsini həyata keçirməkdir. Tamaşanın hazırlanması üçün əsərin seçilməsində iki istiqamət prioritetdir: klassik və ya müasir mövzuya müraciət etmək. Gənc Tamaşaçılar Teatrının tamaşaçı auditoriyası əsasən gənclərdən ibarət olduğuna görə gənclərin fikirlərini bilmək bizim üçün olduqca vacibdir. Mən daha çox eksperimental teatrla məşğul olduğumdan tamaşanın daha çox eksperiment xarakterli olmasının tərəfdarıyam. Klassik mövzuya müraciət edilərkən müasir tamaşaçı aspektini də nəzərə almaq lazımdır".

Treninq iştirakçılarının suallarını cavablandıran Endryu Cons 2 il ərzində davam edəcək layihədə hazırlanacaq tamaşanın müəyyənləşdirilməsi üçün siyahinin tərtib olunacağını, müzakirələrdən sonra tamaşanın və iştirak edəcək aktyor və texniki heyətinin müəyyən olunacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə