Nərgiz Kərimova beynəlxalq müsabiqədə

Nərgiz Kərimova beynəlxalq müsabiqədə

Musiqili Komediya Teatrının aparıcı səhnə ustası, əməkdar artist Nərgiz Kərimova yaxın günlərdə Qazaxıstana yola düşəcək. SİA-nın məlumatına görə, solist orada keçiriləcək "DOCSTAR" Gənc operetta ifaçılarının I Beynəlxalq Açıq Müsabiqəsində iştirak edəcək. Müsabiqə 16-18 noyabr tarixlərində Qazaxıstanın Akademik Musiqili Komediya Teatrında baş tutacaq.

Qeyd edək ki, solist-vokalist kimi öz imkanlarından geniş istifadə edən, gözəl aktyorluq qabiliyyətinə malik olan Nərgiz Kərimova 1989-cu ildə Bakıda keçirilən "Qızıl payız-89" Respublika müsabiqəsinin, 1990-cı ildə isə Moskvada keçirilən "Yeni adlar" III Ümumittifaq müsabiqəsinin laureatı olub. 1991-ci ildə Almata şəhərində keçirilən M.Qlinka adına XIV Beynəlxalq vokalçılar müsabiqəsində uğurlu çıxışına görə diplomla təltif olunub. Nərgiz Kərimova dünyanın bir sıra ölkələrində təşkil olunan Azərbaycan Mədəniyyət günlərində iştirak etmiş, simfonik və kamera orkestrlərinin müşayiəti ilə bir sıra klassik və müasir əsərləri böyük ustalıqla ifa edib. 2002-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyət göstərən aktrisa repertuarda olan "Talelər qovuşanda" tamaşasında Nərgiz, "Volqalı canan"da Mülayim, "Bir günlük siğə"də Mələk, "Aldın payını, çağır dayını"da Süsən, "O olmasın, bu olsun"da Gülnaz, "Qısqanc ürəklər"də Səbinə, "Bayadera"da Odetta, "Arşın mal alan"da Gülçöhrə, "Xanuma"da Keto kimi obrazları özünəməxsus ustalıqla oynayıb, yaddaqalan obrazlar silsiləsi yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə