Qocaman sənətkara qayğı göstərilir

Bu günlərdə qocaman rəqqas, respublikanın Əməkdar artisti Kamil Dadaşov bir sıra kütləvi informasiya vasitələrinə müsahibəsində Prezident təqaüdü almaq xahişi ilə Mədəniyyət və Turizm Nazirliyinə ünvanladığı müraciətlərinin diqqətdən kənarda qalması, guya layiq görüldüyü Prezident təqaüdünü ala bilməməsi barədə açıqlamalar verib.

Məsələ ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Bildirdilər ki, Kamil Hənifə oğlu Dadaşov əmək fəaliyyətinə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında rəqqas kimi başlayıb, ansamblda əvvəlcə solist, sonralar baletmeyster-məşqçi vəzifəsində çalışıb. O, Almaniya, Türkiyə, Çin, Amerika, Kuba, Braziliya, Rusiya, Meksika, İtaliya, Mərakeş, İran, Livan, İsrail, Suriya, Argentina və bir sıra başqa ölkələrdə qastrol səfərlərində milli rəqs sənətimizi nümayiş etdirib.

K.Dadaşovun Prezident təqaüdü ilə əlaqədar müraciətləri hələ Mədəniyyət və Turizm Nazirliyi yaranmazdan əvvəl Mədəniyyət Nazirliyinə daxil olub.

K.Dadaşovun da müraciətləri nəzərə alınaraq keçmiş Mədəniyyət Nazirliyi tərəfindən ona təqaüd verilməsi üçün müvafiq vəsatət qaldırılmış və cavab məktubu ilə bu məqam K.Dadaşovun diqqətinə catdırılıb. K.Dadaşov bu cavabı əldə silah tutaraq hər yerdə özünün guya artıq onun prezident təqaüdünə layiq görüldüyünü, lakin bu təqaüdün mənimsənildiyini göstərir. Əyər K.Dadaşovun adı prezident təqaüdünə layiq görülən adamların siyahısında olsaydı, təbii ki, bütün başqa prezident təqaüdünə layiq görülən sənətkarlar kimi, o da bu yüksək mükafatı mütləq alacaqdı. Bu çox sadə məntiqi artıq bir necə ildir ki, nə K.Dadaşov, nə də bəzi media orqanları anlamaqda cətinlik çəkir və Mədəniyyət və Turizm Nazirliyinin ünvanına absurd ittihamlarla çıxış edirlər.

Bu ittihamların tam əsassız olduğunu vurğulayaraq, onu da əlavə etmək istərdik ki, nazirlik K.Dadaşovun əməyini milli rəqs sənətimizin tanınmış nümayəndəsi kimi hər zaman yüksək qiymətləndirib. Sənətkarın çoxillik yaradıcılıq fəaliyyətini nəzərə alaraq ona mütəmadi olaraq köməklik göstərilib, maddi yardım və mükafatlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə