Xəlil Rza Ulutürkün 80 illik yubileyi keçirildi

Xəlil Rza Ulutürkün 80 illik yubileyi keçirildi

Bu gün Akademik Milli Dram Teatrında görkəmli istiqlal şairi və ictimai xadim Xəlil Rza Ulutürkün anadan olmasının 80 illiyinə həsr edilən təntənəli yubiley mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Xəlil Rza Ulutürkün vətənpərvərlik duyğuları ilə zəngin ictimai-siyasi mövzulu yaradıcılığı xalqımızın bədii-poetik fikir salnaməsinin parlaq səhifələrini təşkil edir.

Nazir onu da vurğulayıb ki, xalqımızın bədii-poetik fikir salnaməsinin parlaq səhifələrini təşkil edən Xəlil Rza Ulutürk yaradıcılığı belə bir mərtəbəyə asanlıqla yüksəlməyib: "Hamıya məlumdur ki, Xəlil Rza bədii ədəbiyyat aləminə, poeziyanın əzablı, döyüşkən yaradıcılıq meydanına şahrah yollarla gəlib çıxmayıb, bu çətin yolların əzabını, məşəqqətini çəkə-çəkə poeziyada öz yüksək məqamını tutub".

Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar qeyd edib ki, Xəlil Rzanı kifayət qədər oxumayanlar, şairin əsərlərinə dərindən bələd olmayanlar bəzən onun millilik, türkçülük, azərbaycançılıq haqqında şerlərində yanlış notlar axtarıb, şairi şovinizmdə günahlandırıblar: "X.Rza isə orijinal bədii əsərləri, elmi-tənqidçilik fəaliyyəti, publisist çıxışları, xüsusən, bədii tərcümələrilə Azərbaycanı ürəkdən sevən, həm də beynəlmiləlçi xalq ziyalısı olduğunu dönə-dönə sübut edib".

Tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdiyi yubiley tədbirində şairin şeirləri səsləndirilib və sözlərinə yazılan mahnılar ifa olunub. Məlumat üçün bildirək ki, yubiley tədbirində xalq şairləri Fikrət Qoca, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı və başqaları iştirak edib.

Qeyd edək ki, yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə