Bu dəfəki müsahibimizi çoxları tanıyır. Hər bir ədəbiyyat nümayəndəsinin əsərləri təndiq olunur. Amma Qəşəm Nəcəfzadənin əsərləri daha çox tənqidə məruz qalır. O isə tənqiddən zövq aldığını bildirir. Sizi Qəşəm Nəcəfzadənin SİA-ya verdiyi maraqlı müsahibəsini oxumağa dəvət edirəm.
- İlk öncə səhhətiniz barədə soruşmaq istəyirəm. Dünən zəng edəndə xəstəxanada olduğunuzu bildirdiyiniz üçün narahat olduq. İndi necəsiz?
- Çox sağolun, hər şey yaxşıdır. Sadəcə müayinə olunmağa görə, getmişdim. Həkim dedi ki, vaxtı-vaxtında gəl müayinə ol. Sonra get kosmonavt ol (gülür).
- Bilirəm, belə suallar sizə çox ünvanlanır, amma onu bilirəm ki, uşaq ədəbiyyatının indiki vəziyyəti haqqında yalnız siz danışa bilərsiniz.
- Bu yaxınlarda eşitdim ki, Qafqaz Universitetində Beynəlxalq Uşaq Konqresi keçirilib. Bundan heç bir saytın xəbəri olmadı. Belə tədbirləri alqışlayıram və istəyirəm ki, mətbuatın da xəbəri olsun. Uşaq ədəbiyyatının vəziyyətini 2 istiqamətdə qiymətləndirmək olar: uşaq yazıçılarının yaradıcılıq problemləri və əsərlərin nəşri. Bizim yazıçıların əsərlərindəki obrazlar dəyişmir. Dovşan, tülkü, qaz, ayı necə idisə indi də elədir. Mən istəyərdim ki, obrazlar və onların xasiyyəti dəyişdirilsin.
- Obrazların hansı formada dəyişilməsinin istəyirsiniz?
- İstəyərdim ki, yeni insan obrazları yaradılsın. Uşaqların həyatına az da olsa sosial problemlər daxil edilsin.
- Bəs uşaqları bu yaşda sosial problemlərlə yormaq düzdündürmü? Uşaqlar sevdiyi heyvanlar haqqında oxusalar daha yaxşı olmaz?
- Türk şairi İsmayıl Uraloğlu deyir:
"Ey qar, bir az isti-isti yağ mənim üçün,
Atamın pulu yoxdur palto almağa"
Yəni sosial problemləri uşaqlara onların başa düşə biləcəyi sadə formada çatdırmaq lazımdır. İndiki yazıçılar uşağı uşaq olmağa qoymurlar. Müəllif öz dilini uşaq dilinə pərçim edir. Şairlər uşaq haqqında yazdığı şeirləri uşaq şeiri hesab edirlər. Əgər bir şair nəvəsinə şeir yazıbsa bu uşaq şeiri yox uşaqlara aid şeirdir. Təəsüflər olsun ki, uşaqlara aid olan şeirlər də uşaq ədəbiyyatı hesab edilir. Başqa bir problem isə nəşr olunma və çatdırılma problemidir. Əvvəllər "Göyərçin" jurnalının nəşri 300 min olsada indi bu rəqəm 1000-ə düşüb. Orta məktəblərdə şou biznesin biletləri satılır amma jurnal satılmır. Televiziya verilişləri də kompyuter üzərində qurulan verilişlərlə əvəz olunub.
- Nəzərə alaq ki, indi kompyuter əsridir, uşaqların texnologiyaya maraq göstərməsi normaldır. Bununla razılaşmaq olar?
- Əgər bir şair hər-hansı bir məktəbə gedib uşaqlarla tanış olsa, uşaqlarda da maraq yaranar ki, şeirini əzbərlədiyi şairlə görüşüb. Canlı görüşmək daha yaxşıdır nəinki televizor və ya komyuter arxasında onlara baxmaq. Kompyuter üzərində qurulan verilişlər süni alınır. Uşaqların marağını nəzərə alıb nağıllar, şeirlər disklərə köçürülməlidir. İndiki uşaqlar kitabdan qaçır.
- Milli Kitab Mükafatı haqqında fikirlərinizi bilmək istərdik. Oğlunuz Kəramət Böyükçöl bu il yenidən iştirak edəcəkmi?
- Açığı Milli Kitab Mükafatında bir həqiqət görmürəm. Heç münsiflər heyyəti də düzgün seçilməyib. Məsələn Nərgiz Cəlilova aparıcılıq sahəsində tanına bilər, amma onun əbəbiyyata dəxli yoxdur. Çingiz Abdullayevin əsər oxumağa vaxtı var? Ümumiyyətlə, baxanda burdakı münsiflərin əksəriyyətinin iştirak edən əsərləri oxumağa vaxtı yoxdur. Bundan başqa burda qruplaşmalar, tapşırıqlar öz sözünü deyir. Keçən dəfəki yarışdan sonra bəzi məsələlər ortaya çıxdı. Neçə illərdir ki, münsiflər heyyəti dəyişmir. Ora mütailə edən, buna vaxtı olan insanı seçmək lazımdır.
- Yazıçılar, şairlər ümumiyyətlə əbəbiyyat nümayəndələri arasında qalmalaqa necə baxırsız?
- Düzünü desəm qalmaqallara yaxşı baxıram. Çünki özüm də qalmaqallı şairəm. Qalmaqal olan yerdə nəsə var deməkdir. Mən istəyirəm ki, ədəbiyyatın müəyyən bir hissəsi şou-biznesin içində olsun. Əbəbiyyat şou-biznesə qarışmır deyə maraq artmır. Şeir yazıram və onu səhnədə oxumaq qaydasını da özüm müəyyənləşdirməliyəm. Şair öz əsərinə göz, qaş, burun, ağız verməlidir. Şeirlərimin rejissoruyam. Mən şairləri həmişə Natavan klubuna yığıb heç yerdə çap olunmayan yeni şeirlərimlə tanış edirəm. İstəyirəm ki, nə tənqidləri varsa üzümə desinlər. Hətta elə vaxt olur ki, dava düşür. Ümumiyyətlə, mən tənqiddən ləzzət alıram.
Xanım Nağıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB