Gənc Tamaşaçılar Teatrında əməkdar incəsənət xadimi, ilk azərbaycanlı peşəkar qadın teatr rejissoru Ulduz Əliyeva - Rəfilinin anadan olmasının 90 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirilib. SİA-nın məlumatına görə, xalq yazıçısı Anar və teatrın quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimova Ulduz Əliyevanın genişmiqyaslı rejissorluq fəaliyyətinə nəzər salaraq, onun mənalı həyat yolundan danışıblar. Teatrın aktyorları- xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, əməkdar artist Lətifə Əliyeva, aktyorlar Almaz Mustafayeva, Sona Babayeva sənətkar haqqında xatirələrini bölüşüblər.
Tədbirdə vaxtilə Ulduz Əliyevanın Dövlət Gənc Tamaşaçılar Teatrında quruluş verdiyi "Kiçik faciələr" (A.S.Puşkin) "Şirinbala bal yığır" (S.Qədirzadə), "Mənim nəğməkar bibim" (Ə.Əylisli), "Qaraca qız" (S.Sani Axundov) tamaşalarından parçalar nümayiş etdirilib. Bununla yanaşı, "Təbəssüm" uşaq rəqs kollektivi, Əməkdar artist Nərgiz Kərimova, Ulduz Əliyeva – Rəfilinin opera studiyasında tələbəsi olan müğənni İntiqam Kərimovun, Musiqili Komediya Teatrının solisti Elvin Əliyevin çıxışları ilə yanaşı, teatrın aktyoru İlham Əsədovun ifaları maraqla qarşılanıb.
Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə keçirilən tədbirin rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB