“Atilla” jurnalı təqdim olundu

Bu gün Azərbaycan Qəhrəmanlarından bəhz edən daha bir jurnal işıq üzü görüb. SİA-nın məlumatına görə, Azərbaycan Yazıçılar Birliyində (AYB) keçirilən təqdimatda bir sıra tanınmış dövlət xadimləri və KİV nümayəndələri iştirak edib. "Atilla" adlı jurnalın ilk nömrəsi Qəhrəman xüsusi təyinatlı kəşfiyyatçı İbad Hüseynova həsr olunub.

Tədbiri giriş nitqi ilə açan Azərbaycanın xalq şairi Fikrət Qoca bildirib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra erməni təcavüzü və terrorizminə qarşı mübarizə aparan "Azərbaycan Bayrağı" ordenli, Qarabağ müharibəsi iştirakçısı İbad Hüeynovun igidliliyi hər kəsin qəlbində bir qürur hissi yaradıb.

Jurnalın ilk nömrəsinin qəhrəman kəşfiyyatçı İbad Hüseynova həsr olunmasını təqdirəlayiq bir hal kimi dəyərləndirən xalq şairi qeyd edib ki, İbad Hüseynov 1988-ci ildə ordu sıralarına çağrılıb: "1990-cı il yanvar hadisələrindən sonra 20 yaşlı İbad Sovet ordusu sıralarında xidmətdən imtina edərək vətənə qayıdıb və Qarabağda, doğma torpaqlar uğrunda döyüşlərə atılıb. Dəfələrlə uğurlu kəşfiyyat-diversiya əməliyyatları həyata keçirən İ.Hüseynov ən qəddar erməni terrorçularının, işğalçı dəstələrin komandirlərinin qənimi kimi tanınıb. İbad Hüseynovun qəhrəmanlıqlarının zirvəsi onun məşhur erməni terrorçusu, "Asala" liderlərindən olan Monte Melkonyanı öldürməsi sayılır. Daha sonra növbəti əməliyyatların birində ağır yaralanan İbad 1994-cü ildə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunur və səhhətinə görə ordu sıralarından tərxis edilir".

Daha sonra AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu çıxış edərək dedi ki, Azərbaycan xalqının qəhrəman övladları çoxdur, onlardan biri olan İbad indi gözümüzün önündədir və əgər müharibə yenidən başlayarsa, İbad Hüseynov sizlərin önündə gedənlərdən biri olacaq: " İbad Hüseynov təkcə Azərbaycanda deyil bütün türk dünyasında tanının və sevilir. Bu gün İbad Hüseynov bütün türk dünyasının qəhrəmanı sayılır. O, bu gün gənclərin vətənpərvər ruhda tərbiyə olunmasının vacibliyini vurğulayıb.

Görüşün sonunda İbad Hüseynov ona göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkür edib, Qarabağın, işğal edilmiş torpaqlarımızın tezliklə azad olunacağına ürəkdən inandığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə